11 Oktyabr 2022 22:26
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsilin başlamasıyla əlaqədar məktəbə adaptasiya olmaq, dərslərə və imtahanlara hazırlaşmaq kimi məsələlər ailələrin, tələbələrin və şagirdlərin ən çox müzakirə etdiyi problemlər olsa da, vacib məsələlərdən biri demək olar ki, diqqətdən kənarda qalır.

Belə ki, narkotik vasitələrin gənclər üçün böyük bir təhlükə olmasına baxmayaraq, ailələr və gənclər bununla bağlı riskləri lazımi qədər dəyərləndirmirlər.

Praktik təcrübədə onu göstərir ki, narkotik tərkibli maddələr ilə ilk tanışlıq erkən yaşlardan başlanır. Bu səbəbdən həm ailələrin həm də gənclərin bu mövzuda zəruri bilgilərə sahib olması cox önəmlidir.

Yeniyetmələri marixuanadan istifadəyə aparan faktorlar nədir?

Gəncləri marixuanadan istifadəyə aparan səbəblər müxtəlif olsa da, ilk istifadə əsasən maraqdan baş verir. Erkən gənclik dövründə fərqli və həyəcanlı görünən bir çox şeyi sınaqdan keçirməyə və riskli davranışlara daha həvəsli olamaları bu marağı həyata keçirməyə səbəb olur.

Eyni zamanda, dost çevrəsində marixuananın asılılıq yaratmadığına dair həqiqət olmayan fikirlərin israrla qeyd edilməsi də gəncləri ilk istifadəyə aparan önəmli səbəblərdən biridir.

Marixuanadan istifadə sonrakı mərhələlərdə özünü müəyyən çevrəyə aid etmək, böyüdüyünü göstərmək, stresi azaltmaq, əylənmək kimi səbəblər ilə bağlı davam etdirilsə də zaman keçdikçə istifadəçinin həyatında ciddi fəsadlara səbəb olur.

Marixuanadan istifadənin təhlükəli tərəfləri hansılardır?

Marixuanadan istifadə nəticəsində yaranan təhlükələri iki əsas istiqamət üzrə izah edə bilərik. Bu marixunanın istifadəsi nəticəsində yaranan fəsadlar və buna bağlı riskli davranışlardır.

Marixuana asılılıq yaratmaqla bərabər, yaddaş zəifliyi, şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğuna qədər apara bilən fərqli psixoloji problemlərin əmələ gəlməsinə səbəb olmaqdadır.

Müvafiq araşdırmalar beyinin folmalaşdığı vaxtlar marixuana istifadəsinin riskli olduğunu təsdiqləyib. Bunlarla yanaşı uzun müdddət istifadə nəticəsində sosial əlaqələrdə, ailə münasibətlərində, iş və təhsil göstəricilərində ciddi problemlər yaranır.

Ailələr hansı qabaqlayıcı tədbirlər görməlidir?

Hər şeydən öncə ailələrin bu mövzuda diqqətli olması çox önəmlidir. Mənim övladım əsla belə şey eləməz deyərək arxayınlaşmaq, bir şeylərin fərq edilmədən başlanmasına səbəb ola bilər.

Ailələr dost çevrəsinə qarşı olduğu kimi risk faktorlarına qarşı da diqqətli olmalıdırlar. Həmçinin uşaqların müəyyən çətinliklər yarananda çıxış yolunu nədə gördüyünə və bunu necə həll etdiyinə, sosial əlaqələrindəki davranışlarına, özünün yaxşı hiss etməsi üçün hərəkətlərinə qarşı da eyni şəkildə diqqətli olmaq gərəkir.

Marixuana istifadəsi sonrası əsasən gözlərdə qızartılıq, iştah artımı (şirin qidalar yemək ehtiyacı), agız quruluğu olur, eyni zamanda müəyyən davranış pozuntuları da müşahidə edilməkdədir.

Bu baxımdan, ailələr həm qarşısını almaqda həm də erkən aşkarlanmada aidiyyəti üzrə müraciət etməkdən çəkinməməlidirlər.

Raqif Allahverdi
Narkomanlığa və Narkotik Vasitələrlə Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər