Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 36 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Astara şəhərində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 2 nəfər xilas edilib. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib.