Azərbaycan Neft Fondunda 55 milyard valyu ehtiyatımız, 10 milyondan çox əhalimiz var. Təklif edirəm ki, hər bir vətəndaşımıza 100 manat pul verilsin.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.
Millət vəkili eyni zamanda bildirib ki, 2021-ci ildə Azərbaycanda 112 min uşaq doğulub:
“Hər bir uşağın hesabına 2 min dollar keçirilməsi yaxşı olardı. Bu da təqribən 200 milyon manat edir. Neft Fondunun hesabına bunu etmək olar. Bəzi ölkələrdə bu məbləğ 10 min dollardır.
Daha bir təklifim mavi yanacaqla bağlıdır. Qaz ödənişi ilə bağlı çətinlik çəkənlər var. Ölkəmizdə cəmi 2 milyon 200 min ailə var. Hər bir ailənin hesabına 200 dollar köçürülsün və onlar bu çətinliklərin qarşısını ala bilsinlər”.
Deputat əlavə edib ki, səsləndirdikləri populist şüar deyil.
O, eyni zamanda təhsilin pulsuz olmasını təklif edib.