Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Sumqayıt şəhərində yerləşən “Kimyaçı” mədəniyyət sarayında “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı şəxsi heyətin yanğınlarla mübarizə üzrə praktiki vərdişlərinin və peşə bacarıqlarının daha da yaxşılaşdırılması, bölmələr arasında qarşılıqlı və əlaqəli fəaliyyətin təkmilləşdirilməsi olub.
Təlimə Sumqayıt şəhər Yanğından Mühafizə qarnizonunun müvafiq qüvvələri cəlb olunub.
Təlim zamanı yüksək saylı çağışla “hadisə yerinə” operativ çatan yanğından mühafizə qüvvələri tərəfindən mədəniyyət sarayının tamaşa zalında “köməksiz vəziyyətdə qalan” şərti tamaşaçılar və işçi personal xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla “xilas edilib” və zalda baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.
Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.