31 Oktyabr 2022 16:00
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, son iki ildə nazirlik tərəfindən mədəniyyət sahəsində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov diqqətə çatdırdı ki, müasir standartlara cavab verən bir sistemə keçid mərhələsindəyik:

“Biz islahatlara musiqi və incəsənət məktəblərindən başladıq. Çünki bu sahə baza rolunu oynayır və burada proseslərin təməli daha möhkəm və etibarlı qoyulmalıdır. Bu gün görüşdə iştirak edən sizlər islahatlarımızın ilklərindənsiniz. Çox şadıq ki, müəllimlərin işə qəbulu belə bir qaydada, şəffaf şəkildə reallaşdı. Müəllimlərin bu qayda ilə seçimi məktəblərdə kadr potensialının güclənməsinin başlanğıcıdır. Bu işi gələcəkdə başqa sahələrdə də davam etdirəcəyik”.

Nazir bildirdi ki, ölkəmizdə son illərdə mədəniyyət sahəsində uğurla həyata keçirilən layihələr, dövlət proqramları və islahatlar nəticəsində milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasına zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsi ilə bağlı imzaladığı fərman və sərəncamlar icrası ilə əlaqədar Azərbaycanda mədəniyyətin müxtəlif istiqamətlərinin inkişafı, peşəkar mütəxəssislərin hazırlanması, regionlarda mədəniyyətin tərəqqisi ilə bağlı mühüm işlər görülüb.

Müəllimlərin işə qəbulu prosesi ilə bağlı məlumat verən nazir qeyd etdi ki, bu ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə müsabiqənin test mərhələsi, 5-9 sentyabr tarixində isə müsahibə mərhələsi keçirilib. Test mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. 383 nəfər elan olunmuş vakant vəzifələrə qeydiyyatdan keçərək müsahibələrdə iştirakını təsdiq edib. Müsahibələrdə iştirak edən 352 nəfərdən 215 nəfəri tələb olunan keçid balını toplayaraq müsabiqədə uğur qazanıb. Onlardan 126 nəfər (59%) ali ixtisas təhsilli, 89 nəfər (41 %) orta ixtisas təhsillidir. Habelə, 8 nəfər görmə qabiliyyəti tam məhdud olan I qrup gözdən əlil uğurlu nəticə göstərərək işlə təmin olunub.

Qeyd olundu ki, uğur qazanmış 215 namizəddən ən yüksək nəticəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə məzunu Lalə Əhmədova (test imtahanından 58, müsahibədən 15 bal) göstərib. Yüksək nəticələr üzrə ilk üçlüyə isə Azərbaycan Milli Konservatoriyasının məzunları Solmaz Rəhimova və Gültəkin Cavadova daxildir.

Anar Kərimov eyni zamanda müsabiqənin yüksək səviyyədə, obyektiv, qərəzsiz keçirilməsində müsahibə komissiyalarının sədrlərinin və üzvlərinin əməyini xüsusi qeyd edərək onlara təşəkkürünü bildirdi. Nazir çıxışının sonunda oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda keçirilən müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verdiyini diqqətə çatdırdı. Regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edilib.

Sonda müsabiqədə yüksək bal toplayan müəllimlərə və müsahibə komissiyalarının üzvlərinə nazirliyin fəxri fərmanlarını təqdim edən Anar Kərimov Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafındakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər