11 Dekabr 2014 12:39
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pərviz Qasımov: “İndiyədək elmdə skiflərin irandilli olması fikrini konyuktur əsaslarla saxlayıblar”

Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada keçirilmiş “Qaraçay-balkar xalqının etnogenezi, tarixi, dili və mədəniyyəti” beynəlxalq elmi konfransında AMEA-nın müxtəlif institutlarının əməkdaşları və bir sıra elm ocaqlarımızı təmsil edən tədqiqatçı alimlər də iştirak edib. Tədbirdə 15 “dəyirmi masa” keçirilib, elmin müxtəlif sahələri üzrə 392 çıxış dinlənilib və müzakirələr aparılıb.

Xatırladaq ki, Rusiya Elmlər Akademiyası Etnologiya və Antropologiya İnstitutunun “Avrasiya xalqlarının tarixi - mədəni irsi” forumu çərçivəsində təşkil edilmiş konfransa 18 ölkədən (Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Norveç, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Finlandiya, Macarıstan və s.) 400-dək alim qatılıb.

Tədqiqatçılarımızın məruzəsi niyə maraq doğurub?


Azərbaycan nümayəndə heyətinin tərkibində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçıları Zaur Həsənovun (“Skif-sarmat dünyasının etnik və dini tərkibi problemləri”, “Skif probleminin fənlərarası tədqiqatının strukturu”) və Pərviz Qasımovun (“Eneolit, tunc və erkən dəmir dövrü Pont-Cənubi Ural çöllərinin arxeoloji mədəniyyətlərinin etnik atribusiya metodlarının tənqidi”) çıxışları konfransda maraqla qarşılanıb.

Pərviz Qasımovun verdiyi məlumata görə, konfransın sonunda yekdilliklə qətnamə qəbul edilib.
Qətnamədə skiflərin yalnız İran dillərində danışmaları barədə fikrin elmi cəhətdən səhv olduğu qeyd edilib. Konfrans iştirakçılarının gəldiyi nəticəyə görə, skif imperiyası tərkibində müxtəlif dillərdə, o cümlədən türk dillərində danışan tayfalar da olub. Həmçinin sarmat-alan etno-dil məkanının tərkibinin polietnik dəyərləndirilməsi təklif edilib.

Konfransın qətnaməsində humanitar tədqiqatlarda “türk xalqları” anlayışının sinonimi kimi “türkdilli xalqlar” termininin istifadəsinin qeyri-korrektliyi qeyd edilib.

Sənəddə Şərqi Avropada qədim türk-run əlifbasının (“Kuban variantı”nın) inkaredilməzliyi barədə fikirlər və digər aktual tezislər də öz əksini tapıb.

Konfransda skiflərin türkdilli xalqlarla bağlılığı necə əsaslandırılıb? “Türkdilli xalqlar” termininin istifadəsi qeyri-korrektdirsə, hansı ifadə işlənməlidir? Bu sualları Arxeologiya və Etnoqrafiya İnstitutuna ünvanladıq.

Skif imperiyasında türkdillilər üstün olub

Pərviz Qasımovun sözlərinə görə, “İran dilləri” dedikdə təkcə fars dili nəzərdə tutulmur. Fars dilinə qohum osetin, puştu, bəluc, kürd, talış, tat, pars, tacik dilləri də ora daxildir: “XX əsrin əvvəlinədək skifləri türk-monqol köklü sayırdılar. Sonra bu tarixi etnosu heç bir tutarlı dəlil olmadan bütünlüklə irandilli elan etdilər. Amma Avrasiyanın böyük bir arealını əhatə etmiş etnos təkdilli ola bilməzdi. Sadəcə, skiflərin içində türklərin olması faktının qəbulu ümumtürk dilinin eradan əvvəl V əsrdə yaranması və yalnız hunlarla erkən türklərin tarix meydanına çıxması barədə köhnə və əsassız konsepsiyanın iflasına yol açırdı.

Ona görə də, uzun müddət sovet-rus və Qərb elmində skiflərin irandilli olması fikrini konyuktur əsaslarla saxlayırdılar. Amma elmi biliklər inkişaf etdikcə, xüsusilə, sovetlər birliyi dağıldıqdan sonra köhnə konsepsiyalar iflasa uğradı və XX əsrin 50-70-ci illərində skiflər barədə irandilli “revizionizm” konsepsiyası öz mövqelərini itirməyə başladı".

Pərviz Qasımov deyir ki, “türkdilli xalqlar” və “türk xalqları” anlayışları arasında fərqi nüanslar var ki, konfransda bu fikri tədqiqatçılar yetərincə əsaslandırıblar: “Məsələn, xristian ermənilər (şurtvatslar, erməniləşmiş qıpçaqlar) və yunanlar (urumlar) var ki, onlar türk dillərinin bir ləhcəsində danışırlar, amma özlərini türk hesab etmirlər. Sözsüz ki, dili türk (türk dillərinin bir ləhcəsi) olan, amma özünədərki tam ayrı anlamlı toplumla, həm dili, həm də milli özünüdərki türk kökü ilə bağlanan toplumları eyni adla (”türkdilli") verilməsi məntiqdən və sağlam düşüncədən kənardır.

Ona görə də “türk xalqları” anlayışının sinonimi kimi “türkdilli xalqlar” anlayışının işlədilməsinin qeyri-korrekt olması barədə tezis konfransın qətnaməsində öz əksini tapdı".

“Kuban variantı” dönüş nöqtəsi olacaq

Konfransda “Kuban variantı” ilə bağlı mülahizələrə gəlincə, tədqiqatçı bunları bildirdi: “Qədim türk runikasının və ya Orxon-Yenisey əlifbasının yayılma zonalarına görə 7 variantı var: Lena-Baykal, Yenisey, Monqolustan, Altay, Şərqi Türküstan, Orta Asiya, Şərqi Avropa (bulqar, xəzər, qıpçaq). Onların tarixinin ən qədim dövrü eramızın 8-ci əsrindən başlayır.

“Kuban variantı” məsələsi indiyə qədər mübahisəli idi. Çünki bu yazılar alan etnosunun yaşadığı ərazilərdə tapılmışdı və alanların dövrünə (eramızın 1-ci əsri, Orxon-Yenisey yazılarından 700 il öncəyə) aiddir. Alanların yalnız irandilli olmasında - onları çox vaxt skif-sarmatların törəmələri sayırlar - israr edilirdi və bu yazıları İran dilləri baxımından uğursuz oxumağa cəhdlər edilmişdi.

Digər tərəfdən, “Kuban variantı”nın qədim türk dilinə aidiyyəti fikrinin qəbulu onun Orxon-Yenisey yazılarının ən qədim variantı sayılmasına, bununla da eramızın 1-ci əsrində artıq türk tayfalarının Şərqi Avropada yerləşməsi və yazıya malik olmaları anlamına gələcəkdi. Ona görə, gerçək faktlara göz yuman bir sıra alimlər “Kuban variantı”nın türk dillərinə yad olmasında israrlı idilər.

Bu konfransda tədqiqatçılar qədim türk-run yazılarının ən qədim variantı kimi “Kuban variantı”nı qəbul etdilər. Bu tarixi gerçəkliyin təsbiti türk xalqlarının tarixinin tədqiqində dönüş nöqtəsi demək olacaq".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər