16 Noyabr 2022 15:09
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçilərinin Monitorinq Qrupu mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, hüquq müdafiəçiləri bir sıra istiqamətlərdə mövcud olan neqativ proseslər haqqında danışıb, xüsusilə, narkotika və fahişəliklə bağlı tendensiyaların narahatlıq doğurduğu qeyd olunub.

Bildiriblər ki, bundan sonra mətbuatla daha tez-tez görüşmək və vəziyyətlə bağlı fikirlərini ifadə etmək niyyətindədirlər.

Qrupun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə öncə Fransa Senatının bədnam qətnamə qəbul etməsindən bəhs edib, bunu beynəlxalq qanuna zidd, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Onun sözlərinə görə, 2020-ci ildə də Senat buna oxşar qətnamə qəbul edib, lakin bu sənəd kağız üzərində qalıb:

“İnanıram ki, bu dəfə də qanuna zidd qəbul edilən, erməni marağını güdən qətnamənin heç bir əhəmiyyəti olmayacaq. Monitorinq Qrupu bu cür əsassız, Azərbaycana qarşı qərəzlə dolu qətnaməni pisləyir”.

Hüquq müdafiəçisi eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verməsi ilə bağlı məsələyə də toxunub:

“Azərbaycan 30 il ərzində işğal olunan torpaqlarımıza YUNESKO-nun missiya göndərməsi məsələsini qaldırırdı, təəssüflər olsun ki, bu qurum Qarabağda Azərbaycanın mədəni irsinin, tarixi abidlərinin vəhşicəsinə dağıdılmasına göz yumdu, işğal altındakı torpaqlarımıza missiya göndərmədi. Lakin 44 günlük vətən müharibəsindən sonra YUNESKO Ermənistanın istəyi ilə azad edilən torpaqlarımıza missiya göndərmək, guya dağıdılan erməni abidələrinə dair monitorinq aparmaq niyyətinə düşdü, faktiki ikili standart mövqedən çıxış etdi. Mehriban xanımın bu addımı həm də diplomatik tərzdə etirazın nümunəsi olmaqla yanaşı, xalqımızın içindən gələn hərəkət oldu”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə diqqəti xalqımızın genofununa ciddi zərbə olan narkotik və fahişəliklə bağlı problemlərə yönəldib.

O deyib ki, bu istiqamətdə olan vəziyyət heç də ürəkaçan deyil:

“Bu istiqamətdə durum bizi ciddi narahat edir. Qanunla fahişəlik qadağandır. Düşünürük ki, əxlaqsızlıq yuvaları bağlanmalı, ümumiyyətlə bu istiqamətdə ciddi monitorinqlər həyata keçirilməlidir. Azərbaycanın min illiklərdən gələn adət-ənənələri var və onların sıradan çıxmasına heç vaxt yol verməməliyik”.

Novella Cəfəroğlu həmçinin qeyd edib ki, narkotika bütün dünyanın bəlasıdır, millətin genofonduna ciddi zərbə vurur:

"Azərbaycan sərhədləri qapalıdır, ancaq bu, narkotikanın yayılmasına zəif təsir göstərir. Biz bu məsələyə də ciddi diqqətin ayrılmasını vacib sayırıq. Bunu satan kimlərdir, necə əldə edirlər - kimi məsələlər diqqətdə olmalıdır. Bəzi ölkələrdə narkotika, eləcə də fahişəliyin leqallaşdırılması və nəzarət altında olması təcrübəsi var. Mən hər zaman bunun əleyhinə olmuşam, amma bu, mənfi tendensiyaların qarşısını alacaqsa, müzakirə oluna bilər. Bizə müxtəlif məsələlərlə bağlı rayonlardan, ələlxüsus Göyçay və Ucardan çox sayda şikayətlər daxil olur. Bu şikayətləri araşdırıb fikrimizi ifadə edəcəyik”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı da onlara çox sayda şikayətlərin daxil olduğunu qeyd edib:

“Pandemiya vaxtı nazirlər və məmurların qəbulu dayandırılmışdı. Səhv etmirəmsə indi rayonlarda ayda bir dəfə belə qəbullar keçirilir. Ancaq Bakı şəhərində ya belə qəbullar olmur, ya da qəbula düşmək mümkün deyil. Biz bir nazirin qəbuluna düşə bilmirik. Hesab edirəm ki, bu ciddi problemdir və həllini tapmalıdır. Biz insanların şikayətlərini çatdırmaqla mövcud olan problemlərin həllinə çalışırıq”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da Fransa Senatının qəbul etdiyi qətnamənin qəbuledilməz olduğunu, eləcə də birinci xanım Mehriban Əliyevanın Azərbaycana qarşı ikili standartlar nümayiş etdirən YUNESKO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verməsini dəstəkləyib. Həmçinin narkotikanın geniş yayılmaması üçün hər kəsin əlindən gələni etməli olduğunu, hüquq müdafiəçilərinin bu məsələyə ciddi yanaşdığını və vəziyyəti diqqətlə izlədiyini qeyd edib.

Hüquq müdafiəçilərinin Monitorinq Qrupunun toplantısında “İctimai iştirakçılıq haqqında” qanunla dəyişiklik edilməsi təklif edilib.

Xüsusilə, müxtəlif nazirlik və komitələrdə yaradılan İctimai Şuraların fəaliyyətinə diqqət çəkiblər. “Elə QHT sədri, hüquq müdafiəçisi var ki, ən azı 8-9 İctimai Şurada təmsil olunur. Bu, qanunda olan boşluqdan irəli gəlir. Qanunla İctimai Şuralar vətəndaşlarla müvafiq dövlət qurumları arasında əlaqələndirici rolunu oynamalı, problemləri qaldırmalı, onların həllinə nail olmalıdır. Ancaq təəssüflər olsun ki, İctimai Şuraların çoxunda buna əməl edilmir. Əvəzində şuralar həmin qurumların bir növ müdafiəçilərinə çevrilir".


Müəllif: Nemət

Oxşar xəbərlər