İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 30-dan artıq xarici şirkətə “ASK Tekstil” MMC-nin özəlləşdirilməsində iştirak üçün müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün “ASK Tekstil” MMC-də keçirilmiş mediaturda bildirilib.
Qeyd olunub ki, müəssisənin özəlləşdirilməsinə nüfuzlu strateji investorların cəlb edilməsi məqsədilə xarici şirkətlərə müraciətlər ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib.
Hazırda müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində məsləhətçi şirkətin iştirakı ilə işlərə başlanılıb.
KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar, müəssisənin qısa tarixi, istehsal sahələri, texnoloji avadanlıqlar, müəssisənin özəlləşdirilmə perspektivi barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “ASK Tekstil” MMC-dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri təşkil edilib, müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb.
***
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “ASK Tekstil” MMC-nin özəlləşdirilməsi məqsədilə yaxın zamanda investisiya müsabiqəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, fabrikin fəaliyyəti, infrastrukturu, təchizatı barədə ictimaiyyəti məlumatlandırmaq, həmçinin özəlləşdirməyə potensial investorları cəlb edilməsi məqsədilə müəssisəyə mediatur təşkil olunub.
Qeyd edək ki, “ASK Tekstil” MMC Sumqayıt şəhəri, Sülh küçəsi,3-də yerləşir.
Xatırladaq ki, “ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir. Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə, gətirilən ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları, xüsusi geyimlər istehsal edilir.