24 Noyabr 2022 11:15
245
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, həmçinin digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan “E-köşk” elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmadan əldə etmək imkanı yaradır:

“E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər.

Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi və biznes mənafeyinin gələcəyə yönəlik şəkildə icrası çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək”.

Qurum rəhbəri qeyd edib ki, yazılı medianın müasir simasının formalaşması yönündə MEDİA Agentliyinin konseptual yanaşması gələcəyə hesablanıb və bu kimi proseslər davamlı xarakter daşıyır:

“E-köşk” platformasını Azərbaycanın çap mediası tarixində sadəcə yenilik yox, eyni zamanda innovativ düşüncəyə əsaslanan əhəmiyyətli bir addım kimi dəyərləndirəcəyinizi düşünürük”.

Əhməd İsmayılov həmçinin bildirib ki, bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçib, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunur.

Onun sözlərinə görə, MEDİA Agentliyi də bu çağırışlardan çıxış edərək yeni trendlərə uyğunlaşma prosesində çap mediasına dəstəyini daiam etdirir:

“Bu istiqamətdə dövlət dəstəyinin məqsədi çap mediası subyektlərinin yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, eyni zamanda texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində qəzetlərin mövcudluğunun qorunub saxlanılmasına köməklik göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına, bununla yanaşı cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir”.

Ə.İsmayılov bildirib ki, MEDİA Agentliyinin dəstək verdiyi 6 gündəlik, 10 həftəlik olmaqla bütün qəzetlərdə, habelə onların eyniadlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmə özünü göstərir:

“Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub. Məsuliyyətlə deyə bilərik ki, çoxşaxəli konvergensiya prosesinin ayrılmaz elementi olan qəzet saytlarının yenidən qurulması prosesi artıq başa çatmışdır. MEDİA Agentliyi ümumi dəstək zərfində qəzet saytlarının inkişaf etdirilməsini öhdəlik kimi irəli sürmüş və bunun üçün birdəfəlik vəsait ayırmış, eyni zamanda, aylıq dəstək göstərməyə də davam etməkdədir”.

MEDİA-nın rəhbəri qeyd edib ki, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə dəyişilib: “Bunun nəticəsi olaraq deyə bilərik ki, qəzet saytları onlayn media subyektlərindən geri qalmır, əksinə məzmun yaratmaq, əhəmiyyətli kontent istehsal etmək baxımından fərqlənə bilirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər