27 Noyabr 2022 11:12
215
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi regionlarda yaşayan yeniyetmə qızların maarifləndirilməsi ilə onların təhsildən yayınmasının qarşısının alınması, peşə və ali təhsilə cəlb edilməsini təşviq etməyi nəzərdə tutan sonuncu tədbirini Sabirabad rayonunda keçirib.

“Qızların ali və peşə təhsilinə marağının artırılması ilə təhsildən yayınmasının qarşısının alınmasına dəstək” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasına Sabirabad rayonundan olan 87 nəfər məktəbli qatılıb. Sabirabad rayonu 1 saylı tam orta məktəbin direktoru Sevinc Xəlilova iştirak edib.

Tədbirdə çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

S.Allahverdiyeva qeyd edib ki, layihənin məqsədi regionlarda təhsil alan yeniyetmə qızların və valideynlərin maarifləndirilməsi ilə qızların təhsildən yayınmasının qarşısının alınması, onların peşə və ali təhsilə cəlb edilməsini təşviq etməkdir: “Bugünədək Masallı, Cəlilabad və Saatlı rayonlarında məktəblilərlə görüşmüşük. Hər üç rayonda maraqla qarşılanan tədbirdə həm məktəblilər respublikamızda təhsil imkanları ilə bağlı bilgiləndirilib, həm də erkən nikah probleminin qarşısının alınmasında ictimai nəzarətin əhəmiyyəti vurğulanıb. Layihə çərçivəsində qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi hallarına qarşı məsul şəxslər, qurumlar, yaranan məsuliyyət, bu halların baş verməsi zamanı şikayət edilməsi, qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında uyğun təhsil imkanları ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanaraq çap edilib. Həmin buklet sizlərə paylanılan qovluqlarda da var və bukletdə olan məlumatla həm özünüzün, həm də valideynlərinizin tanış olması arzuolunandır”.

Daha sonra tədbirdə çıxış edən tədbirin məruzəçisi Xalid Kazımov tədbir iştirakçılarına qızların təhsil almasının əhəmiyyəti ilə bağlı məlumat verib. Tədbir zamanı iştirakçılara ölkəmizdəki orta ixtisas, peşə təhsili müəssisələri, ali təhsil müəssisələrində qızların təhsil alması üçün uyğun ixtisaslar barədə məlumat verilib. İştirakçılara qızların təhsil hüququ, qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi zamanı yaranan məsuliyyətlə bağlı məlumat verilib. Respublikamızda qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında ödənişsiz təhsil imkanları ilə bağlı da iştirakçılara məlumat verilib. Orta ixtisas, peşə məktəbləri və ali məktəbə sənəd verilməsi proseduru əyani olaraq qızlara göstərilib. Həmçinin, nikah hüququ, nikah yaşı, nikaha məcburetmə, erkən nikaha cəlb edilmə zamanı qanunvericilikdə nəzərdə tuulan məsuliyyətlə bağlı məktəblilər məlumatlandırılıb.

Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər