Rusiyanın “Lukoyl” neft şirkəti Qərb ölkələrinin sanksiyaları səbəbindən Xəzər dənizindəki neft yataqlarından hasil etdiyi neftin dekabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən ixracını dayandıracaq və onu Xəzər Boru Xətti Konsorsiumuna (CPC) yönəldəcək.
Teleqraf.com bildirir ki, belə iddia ilə “Röyter” agentliyi mövzu ilə bağlı məlumatı olan dörd mənbəyə əsaslanaraq çıxış edib.
Qeyd olunur ki, Avropa İttifaqının (Aİ) dekabrın 5-də başlayacaq embarqosuna əsasən, avropalı alıcılara Rusiya neftini almaq və nəql etmək qadağan olunacaq.
Qazaxıstan neftinin əsas marşrutlarından biri olan CPC sistemindən neft ixracı embarqodan azad ediləcək.
“Rusiya nefti BTC-ni tərk edir, bu, sanksiyalara görədir, BTC Rusiya neftini qəbul etmir”, - deyə mənbələrdən biri iddia edib.
Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən digər mənbələr Rusiya neftinin BTC-yə daxil edilməməsi qərarının BTC-nin qərbli səhmdarlarının rəhbərliyi altında qəbul edildiyini bildiriblər.
“Lukoyl” BTC boru kəməri ilə Xəzər dənizindəki Yuri Korçagin və Filanovski yataqlarından ildə təxminən iki milyon ton neft ixrac edir.