7 Dekabr 2022 20:36
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çevik Ekspertlər Qrupu”nun üzvləri “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Füzuli rayonu Horadiz qəsəbəsində qadınlarla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbəri Günel Səfərova qadınlara qarşı həyata keçirilən zorakılığın formaları barədə məlumat verib.

O, qeyd edib ki, qadınlar zorakılığın müxtəlif formalarından özlərini qorumaq üçün öncə öz hüquqlarını bilməlidirlər:

“Qızların təhsildən yayınması hallarının qarşısı alınmalıdır. Erkən nigahlara qarşı mübarizədə qadınlar ilk sıralarda yer almalıdırlar. Biz Elm və Təhsil Nazirliyi yanında ictimai şura olaraq bu məsələlərdə daim vətəndaşlarımızın yanındayıq. Övladlarımızın mükəmməl təhsil əldə etməsi üçün əlimizdən gələn bütün imkanları səfərbər etməyə hazırıq.

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli isə vurğulayıb ki, qızlar öz hüquqlarını müdafiə edə bilməlidirlər:

“Biz çalışmalıyıq ki, qızlarımız, qadınlarımız təhsilli, istiqadi cəhətdən azad olsunlar ki, öz hüquqlarını müdafiə edə bilsinlər. Nə mənəvi, nə istisadi, nə də məişət zorakılığına məruz qalsınlar. Qadın ölümləri ilə bağlı xəbərlər bizləri izləməsin”.

QHT sədri onu da qeyd edib ki, qadınlarımız və qızlarımızın müdafiəsi yalnız 16 gün deyil, bütün il boyu həyata keçirilir.

ÇEQ barəsində açıqlama verən koalisiyanın üzvü, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə xanım Ağazadə qeyd edib ki, koalisiyada təmsil olunan beş təşkilatın hər biri qadınlarımızın yanındadır:

“Biz sizlərin səsi olmağa gəmişik. Biz istəyirik ki, bizim ölkədə qadınlar heç vaxt zorakılığın qurbanına çevrilməsin. Biz istəmirik ki, qadınlarımız, qızlarımız sığınacaqlara üz tutsunlar. Biz istəmirik ki, övladlar anasız böyüsün. Biz istəyirik ki, hər bir qadının isti yuvası, xoşbəxt həyatı olsun”.

Tədbirdə qonaq qismində qatılan “Ağaoğlu” araşdırmalar birliyinin rəhbəri Sara Əliyeva da səslənən fikirləri bölüşdüyünü və Azərbaycanın ilk türk qadın vəkili olan Azərbaycan tarixinin nurlu simalarından olan Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun qadınlar barəsində olan arzularını səsləndirib.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin müavini Gülbahar Eyvazova qonaqlara göstərdikləri təşəbbüslə bağlı öz təşəkkürünü bildirib və İcra Hakimiyyəti olaraq ÇEK-lə əməkdaşlığa həmişə açıq olduqlarını vurğulayıb. Sonra ekspertlər tərəfindən görüş iştirakçılarının sualları cavablandırılıb və təklifləri müzakirə olunub.

Xatırladaq ki, “ÇEQ”də beş ictimai birlik – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi və “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi təmsil olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər