Layihənin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.
Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub. Bu barədə Teleqraf.com-a DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ekspertlərin səfəri barədə məlumat verən Layihənin rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova bildirib ki, səfər ötən dövrdə layihə çərçivəsində görülmüş işlər, aparılmış araşdırmalar, habelə növbəti aylarda yerinə yetirilməsi nəzərdə tutulan işlərin Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri ilə müzakirə edilməsi məqsədi daşıyır. N.Pənahova həmçinin diqqətə çatdırıb ki, Layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlərin daxil olduğu missiya hazırda yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının (“blueprint”) layihəsi üzərində işləyir. Qanunvericilik bazası üzrə ilkin planın ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcəyini vurğulayan N.Pənahova deyib ki, bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.
Ötən həftə ərzində davam edən səfər çərçivəsində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə çoxsaylı görüş və müzakirələr təşkil olunub, Azərbaycanda pensiya islahatlarının növbəti mərhələsi, habelə yığım komponenti və qeyri-dövlət pensiya təminatının tətbiqinin müxtəlif aspektləri ilə bağlı geniş təqdimatlar nümayiş etdirilib. Öncə, ekspertlər növbəti mərhələdə Azərbaycanın sığorta-pensiya sistemində gerçəkləşdiriləcək islahatlarla bağlı qarşıda duran vəzifələr barədə məlumatlandırılıb.
Təqdimatla çıxış edən DSMF-nin Hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunan ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri barədə ətraflı məlumat verib. Pensiya islahatı konsepsiyası ilə müəyyən olunan vəzifələrlə bağlı geniş müzakirələr aparılıb. Ekspertlərin səfəri çərçivəsində təşkil olunan növbəti tədbirdə Latviyalı ekspertlər Jana Muizniece və Dace Brencena təqdimatla çıxış edərək ötən dövr ərzində ekspertlər tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla keçirilən çoxsaylı görüşlərin, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili ilə bağlı aparılmış araşdırma işlərinin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Almaniyalı ekspertlər Markus Maximilian Maria Sailer, Bernd Schulte-Brinker və Heinz-Dietrich Steinmeyerin də qatıldığı növbəti təqdimatlar beynəlxalq təcrübəyə əsasən çox səviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları məsələlərinə həsr edilib.
Bundan əlavə ekspertlər tərəfindən “Qeyri-dövlət pensiya təminatı sisteminin strukturu və idarə edilməsi”, “Qeyri-dövlət pensiya təminatı sisteminin dövlət tənzimlənməsi və nəzarəti”, “Qeyri-dövlət pensiya təminatı sistemində əmək qanunvericiliyi və istehlakçıların müdafiə olunması prinsiplərinin tətbiqi”, “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi”, “Çoxsəviyyəli pensya sisteminin formalaşdırılması sahəsində beynəlxalq təcrübə”, “Yığım sistemində pensiyaların ödənilməsi mərhələsi” və digər mövzularda təqdimatlar edilmişdir. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Ekspertlərin səfəri DSMF-nin ayrı-ayrı şöbələri ilə görüşlərin keçirilməsi və qanunvericiliyin hazırlanması üçün ilkin planın konseptual aspektləri ilə bağlı ətraflı müzakirlərin aparılması ilə davam edib.
Təqdimatlarda qeyd olunub ki, Layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq ətraflı təsvir olunacaqdır. İlkin plana daxil edilən məsələlər sonradan qanunvericilik bazası layihəsinin işlənməsində əsas götürüləcəkdir. Ekspertlər yığım komponentinin tətbiqi ilə bağlı qanunvericilik bazasının ilkin planında əks etdirilməli olan vacib məsələlər sırasında vəsaitlərin yığım hesablarında toplanması mexanizmləri, bu vəsaitlərin idarə olunması, onların yönəldilə biləcəyi investisiya növləri, aktivlərin qiymətləndirilməsi və investisiya gəlirliliyinin hesablanması qaydaları, pensiyaların yığım hissəsinin əhaliyə ödənilməsi üzrə ilkin mexanizmlərə dair sualları xüsusi qeyd ediblər. Qeyri-dövlət pensiya fondları ilə bağlı isə bu institutların ümumi strukturu və iş prinsipləri, təklif olunan qeyri-dövlət pensiya proqramlarının xüsusiyyətləri, bu sahədə inzibatçılıq, dövlət nəzarəti və tənzimləməsi, pensiya vəsaitlərinin idarə olunması və s. bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan Layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq Layihənin həyata keçirilməsi üçün təsdiq olunan müqavilə cari ilin aprel ayında qüvvəyə minib. 5 iyun 2014-cü il tarixdə Avropa İttifaqının respublikamızdakı nümayəndəliyinin rəhbəri, bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Dövlət Sosial Müdafiə Fondunun və digər dövlət qurumlarının rəhbər şəxsləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Layihənin təqdimatı keçirilib. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.
Layihənin təsdiq olunmuş fəaliyyət planına müvafiq olaraq ötən dövrdə Avropa İttifaqının ekspertlər qrupu ölkəmizdə çoxsaylı səfərdə olub. Bu səfərlərin əsas məqsədi Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik, maliyyə və sığorta-pensiya sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması, eləcə də DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla görüşlərin keçirilməsi olub. Layihənin fəaliyyət göstərdiyi ötən dövr ərzində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarlarda Azərbaycan və Avropa İttifaqında daxil olan bir sıra ölkələrin sığorta və pensiya təminatı sistemləri ilə bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin xüsusiyyətləri barədə ətraflı müzakirələr aparılıb. Bu dövr ərzində ekspertlər DSMF-nin ayrı-ayrı şöbələri ilə görüşlər keçirərək Fondun fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar. Ekspertlər həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu, Azərbaycan İpoteka Fondu, Azərbaycan Beynəlxalq Bankı, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjasında və digər qurumlarda görüşlər keçirib.
2014-cü il 31 iyul və 31 oktyabr tarixlərdə Layihə çərçivəsində görülmüş işlərin təhlil edilməsi və qiymətləndirilməsi məqsədilə Layihənin Rəhbər Komitəsinin iclasları keçirilib. Rəhbər Komitənin iclaslarında həmçinin növbəti dövrlərdə qarşıda duran vəzifələr müzakirə olunub, müvafiq iş planları təsdiq edilib.
Cari ilin sentyabr ayında Layihə çərçivəsində DSMF-nin əməkdaşları üçün Latviyaya təlim səfəri təşkil edilib. Səfər zamanı DSMF-nin əməkdaşlarına Latviyanın pensiya təminatı sistemi barədə ətraflı məlumat verilib, sistemin strukturu, fəaliyyəti və xüsusiyyətləri barədə geniş təqdimatlar nümayiş etdirilib. Həmçinin, DSMF-nin əməkdaşlarının Latviyada pensiya təminatı sahəsində fəaliyyət göstərən, habelə digər əlaqədar dövlət orqanlarının və bir sıra özəl pensiya fondlarının işi ilə yaxından tanış olmaq məqsədilə görüşləri təşkil olunub. Təlim səfəri həmçinin Latviyada pensiya təminatı sisteminin təşkili və fəaliyyəti, yğım komponentinin və qeyri-dövlət pensiya təminatının tətbiqi ilə əyani tanış olmaq məqsədi daşıyıb. Layihə çərçivəsində DSMF əməkdaşları üçün növbəti təlim səfəri 2015-ci ilin yanvar ayında Almaniyaya nəzərdə tutulub.
Naibə QURBANOVA