Son zamanlar yol qəzalarının sayında artım müşahidə olunur. Qəzalar zamanı ölüm halları da çoxalıb.
Daxili İşlər Nazirliyinin (DİN) açıqladığı statistik məlumata görə, təkcə iki gündə - dekabrın 24-də və 25-də Azərbaycanda baş verən 7 yol-nəqliyyat hadisəsi zamanı 8 nəfər ölüb.
Nəqliyyat eksperti Elməddin Muradlı yol qəzalarının artmasının səbəblərini Teleqraf.com-a şərh edib.
O bildirib ki, qəzalar əsasən yol haqqında qanunların pozulması nəticəsində baş verir: “Çox nadir hallarda istismara yararsız, vaxtı keçmiş avtomobillər qəzalara səbəb olur. Yəni təsadüf halda avtomobilin təkəri qırılır, sükanı, idarəetmə mexanizmi bloklanır. Ümumi baxanda qaydaların pozulması üstünlük təşkil edir.
DİN-in açıqladığı məlumatları ürək ağrısı ilə izləyirik. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaydığı video görüntülər narahatlıq doğurur. Piyadalar özünü sanki bilərəkdən maşının altına atır. Aydın şəraitdə, göz görə-görə elə hadisələr törədirlər ki, təəccüb qalırsan, norma təfəkkürü olan insan bu hadisəni necə törədə bilər?! Ağır qəzalar respublika əhəmiyyətli yollarda daha çox baş verir. Çünki sürət həddi yüksəkdir. Məsuliyyətsiz sürücülər də radarların yerini əzbər bildiyi üçün istədikləri yerdə sürəti həddini aşa bilirlər. Bu, təəssüf doğuran haldır.
Bundan əlavə, qanunsuz sərnişindaşımanın qarşısı alınmır. Onlara ciddi şəkildə nəzarət olunmalıdır. Avtovağzalın ətrafından camaatın qolundan tutub zorla maşınına oturdanlar yolda olmazın oyununu çıxarırlar. Əgər o maşınlar qəzaya düşsə, oradan sağ çıxmaq mümkün deyil. Amma məsuliyyətsiz insanlar avtovağzala gedib avtobusa bilet almağın dərdindən qanunsuz fəaliyyət göstərən mikroavtobuslarla gedirlər. Bu avtomobillərin heç birinin texniki müayinəsi yoxdur, sürücülərin istirahət və iş rejimləri bəlli deyil. Bu məsələlərə kompleks şəkildə baxılmalıdır.
Burada Yol polisinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də Bakı Nəqliyyat Agentliyinin də məsuliyyəti var. İnsanlar bəzən 5-10 manat artıq pul qazanmaq üçün ölümə gedirlər”.
Ekspert hesab edir ki, avtoqəzalarda ölənlərin çoxu piyadalardır: “Əgər araşdırsaq görərik ki, 10 yol hadisəsinin təxminən dördü piyada vurulması ilə nəticələnir. Bəzən yollar işıqlandırılmadığı üçün, bəzən də piyada məsuliyyətsizliyindən ölüm halları baş verir. Telefon əlində, qulağında qulaqcıq, sağına-soluna baxmadan yolu keçirlər. Son illər bu tendensiya daha da pis hal almağa başlayıb.
May ayında bir yol hadisəsi baş verib. Heydər Əliyev prospektində taksi sürücüsü piyada keçidinin 50 metrliyində 6 zolaqlı yolu keçmək istəyən 82 yaşlı qadını vurub. Qadını hadisə yerində ölüb. Məhkəmə sürücüyə 4 il 6 ay məntəqə tipli həbs cəzası verib. Prokurorluq qərardan protest verir ki, sürücüyə 5 il 6 ay həbs cəzası verilməlidir. 82 yaşlı qadının məsuliyyətsizliyindən bir taksi sürücüsü bədbəxt olmalıdır?
Ölən qadının bir qızı var, illərlə anasına baxmayıb. Eşidib ki, anası avtomobil qəzasında ölüb, sürücüdən 50 min manat pul istəyir. Artıq piyada vurma hadisələri biznesə çevrilib. İnsanları bədbəxt etmək olmaz. Bu, biabırçılıqdı...”
Qayda pozuntularına görə nəzərdə tutulmuş cərimə məbləğlərini artırmaq qəzaların azalmasına fayda verərmi?
Elməddin Muradlı deyir ki, bəzi situasiyalarda cərimələrin məbləğinin artırılması təsir göstərir: “Real faktdır ki, təhlükəsizlik kəməri ilə bağlı cərimə məbləği artırılandan sonra kəmər taxan sürücülərin sayı çoxaldı. Çünki əvvəl 20 manat cəriməsi var idi, indi 40 manatdır. Sükan arxasında mobil telefonla danışmağa görə cərimənin məbləği 50 manatdır. İndi kamera vasitəsi ilə də cərimə yazıla bilir. Əslində təhlükəsizlik kəməri cəriməyə görə vurulmamalıdır. Normal insanın düşüncəsində bu, təhlükəsizlik məsələsi olaraq qalmalıdır.
Bəzi insanlar var ki, onlara cərimə məbləğlərinin artması heç bir təsir göstərmir. Əvvəllər sürət həddi 80 və daha yüksək olan yollarda keçiddən istifadə etməyən piyadalara inzibatı həbs cəzası təklif olunurdu. Bu məsələ alt qatlarda müzakirə olunanda müəyyən təbəqələrdə narazılıq yaratdı. Bu qaydanın əksinə gedənlər belə bir əsas gətirirdilər ki, 80 yaşlı biri keçiddən keçmirsə, ona necə həbs etmək olar? Amma 80 yaşlı şəxs keçiddən keçməyib öləndə, sürücüyə həbs cəzası verilir. Cəzanın alternativi də qoyula bilərdi. Məsələn, cavanlara inzibati həbs verilərdi, yaşlı insanlara da təqaüdlərinin müəyyən bir hissəsini kəsməklə cəza vermək olardı. Bunu təbliğ etmək lazım idi”.
Müsahibimiz yolayrıcı beton sədlərini hündürləşdirilməsin təklif edir: “İnsan tanıyıram ki, axşama kimi küçələrdə gəzir, amma piyada keçidindən yox, yolun üstündən keçir. Səbəbin soruşanda, deyir ayağım ağrıyır, niyə bura lift qoymayıblar. Dünyanın heç bir yerində elə bir qanun yoxdur ki, bütün keçidlərə lift qoyulmalıdır. Demirəm keçidlərimiz mükəmməldir, hər şey qaydasındadır. Bəzi keçidlərinin arasında məsafə çoxdur, insanlarımız tənbəlləşib. Ona görə təklif edirəm ki, yollara qoyulan ayrıcı beton sədlər bir az da hündürləşdirilsin.
Lənkəran istiqamətində avtomagistral tikilib. Gələcəkdə oranı pullu yol etmək istəyirlər. Qanuna görə, avtomagistralın ətrafı 20-30 metr enində dəmir torla çəpərlənir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, mal-qara, meşə heyvanları yola çıxmasın. Amma “ağıllı” insanlar həmin dəmir torları kəlbətinlə kəsiblər ki, orada yaxşı ot var, mal-qaranı buraxıblar otlasın. Bəzən 120 sürətlə getdiyin yolda anidən qarşına bir dana çıxır. Hasarlı yola dananı kim buraxıb? Bu zaman əlbəttə ki, qəza qaçılmaz olur. Bunu edən insanlara həbs cəzası verilməlidir”.