Binəqədi rayonu ərazisindəki Mərkəzi Mədəniyyət evinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Madər Musayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Zivər Abbasova mədəniyyət ocağının fəaliyyəti barədə ətraf məlumat verib.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində son illər Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülüb və çoxsaylı layihələr həyata keçirilib: "Bu gün qədim Binəqədi kəndində əsaslı təmir olunmuş böyük ənənəyə malik olan bir Mədəniyyət evi açılır. Burada fəaliyyət göstərən instrumental ansambl, rəqs kollektivləri, xalq teatrı daha da yüksək nəticələr əldə edəcək. Gənc nəsil Azərbaycan mədəniyyətinin sirlərini, zənginliyini daha dərindən öyrənəcək".
Əbülfəs Qarayev qeyd edib ki, təkcə bu il Bakı şəhərinin ətrafında yerləşən qəsəbələrdə 4 mədəniyyət evi, 2 il ərzində Binəqədi rayonunda 3 musiqi məktəbi istifadəyə verilib.
Mədəniyyətimizin beynəlxalq aləmdə təbliğ olunmasından danışan nazir bu sahədə Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın həyata keçirdiyi layihələrin hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayıb: "Azərbaycan xalqının bir sıra mədəni irs nümunələri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin sərvətinə çevrilib. Bu sərvətlərin qorunması, inkişafı, tanıdılması və gələcək nəsillərə çatdırılması qarşımızda duran önəmli bir vəzifədir".
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayonda aparılan tikinti-quruculuq işlərindən, ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Sonra tədbir iştirakçıları Mədəniyyət evi ilə yaxından tanış olublar.
İLHAMƏ