17 Dekabr 2014 13:47
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov dekabrın 16-da Pakistanın Peşəvər vilayətində məktəbdə törədilmiş terror aktından danışıb.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, Pakistanda baş vermiş terror aktı nəticəsində 132 uşaq olmaqla 143 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

D.Şikarov qeyd edib ki, hazırda ölkədə 3 günlük matəm elan olunub.

Səfir deyib ki, Azərbaycanın Pakistandakı səfirliyi fəaliyyətini davam etdirir. O söyləyib ki, Azərbaycanın rəsmi dairələri hadisə ilə bağlı reaksiya verib: “Pakistanda baş vermiş çoxsaylı insan tələfatı ilə nəticələnən son terror hadisəsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistan Prezidenti cənab Məmnun Hüseynə başsağlığı verib və terror hadisəsini qəti şəkildə pisləyib. Həmçinin xarici işlər naziri cənab Elmar Məmmədyarov da pakistanlı həmkarına başsağlığı verərək, terroru pisləyib. Bundan əlavə Azərbaycan hökuməti terrorda zərər çəkənlərə yardım etməyə hazır olduğunu Pakistan rəsmilərinin diqqətinə çatdırıb”.

D.Şikarovun sözlərinə görə, təhlükəsizlik qüvvələri İslamabadda və digər böyük şəhərlərdə əlavə təhlükəsizlik tədbirləri görüblər: “Bu gün Pakistan Xarici İşlər Nazirliyinin qarşısında diplomatik korpusun iştirakı ilə saat 16.45-də rəsmi törən keçiriləcək”.

Qeyd edək ki, dekabrın 16-da “Təhriki-Taliban Pakistan” yaraqlıları Pişəvər şəhərindəki məktəbə hücum ediblər. Son məlumatlara görə, 143 nəfər dünyasını dəyişib. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər