Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan tarixçi, tərcüməçi, alim Abbasqulu Aga Bakıxanovun zəngin irsi, tarixi tədqiqatları üzə çıxdıqca, araşdırılıb öyrənildikcə bu dahi insanın ölkəmiz və xalqımız qarşısında necə mühüm xidmətlərə malik olduğu bir daha aydınlaşır.
Hazırda paytaxtda yaşayan və Nazarlılar - Bakıxanovlar nəslindən olduğunu deyən Hacı Əlbəndə Bakuvi Publika.az-ın əməkdaşı ilə söhbətində bir sıra tarixi faktlara, maraqlı məqamlara toxundu. Bildirdi ki, bu görkəmli şəxsiyyətin keçdiyi həyat yolu, onun zəngin irsi çox az araşdırılıb: “Mən Nazarlı nəslindənəm. Biz böyük şəcərədənik. Nazar mənim 8-ci babamdır. Nəslimizdə savadlı adamlar çox olub. Nazarlı nəsli Bakıda yaşayıb. Onların bir qismi Əhmədli kəndinin ətrafında məskunlaşıblar. Abbasqulu Aga Bakıxanov da Nazarlı nəslindəndir”. Abbasqulu Aga Bakıxanovun babasının atası Mirzə Məhəmməd xan olub. Mirzə Məhəmməd xanın arvadı Xədicə isə Quba xanı Fətəli xanın doğmaca bacısı idi. O, Bakıda dəfn olunub - Bibiheybətdə torpağa basdırılıb. Göründüyü kimi, indi Bakıxanov nəsli adlandırılan Nazarlı şəcərəsi çox böyük bir nəsil imiş: “Abbasqulu bəyin atası II Mirzə Məhəmmədxan Bakı xanları nəslindən idi. Anası isə İslamı qəbul etmiş gürcü qızı idi. Dördüncü babası Dərgahqulu xan Bakının məşhur pəhləvanlarından olub. Nazar bəy isə həm Bakının, həm də Şirvanın hakimi olub. Bakıxanovun iki qız övladı olub. Bir zamanlar indi “beşmərtəbə” adlandırılan ərazinin yaxınlığında karvansara yerləşirmiş. Həmin karvansara Bakıxanovun qızının olub. Abbasqulu Ağanın övladı burdan gəlir götürürmüş”.
Bakıxanovun övladlarının taleyi ilə bağlı məlumatlar az da olsa, yazılı mənbələrdə var. Düzdür, bu xəbərlər fərqlidir, ancaq hər halda, mövcuddur:
“Onun xeyli sayda qohumları hal-hazırda Bakıda yaşayırlar. Qədim Bakıxanovların ailəvi məzarlarının Şıx qəbristanlığında olması ehtimal edilir. Bakıxanovun atasının, babasının, habelə Nazar bəyin məzarları orda yerləşir. Çox güman ki, Bakıxanovun dördüncü babası, Heybət bəy də Şıxda dəfn olunub. Heybət bəy dinə bağlı adam olub. O, bir zamanlar indiki Bibiheybət məscidini təmir etdirib. Həmin vaxtlarda mədrəsələrdə dərs deyən mollaların maaşlarını və digər xərcləri Heybət bəy ödəyirdi. Bizim nəslin Heybət bəyə qohumluğu çatır”.
Onun sözlərinə görə, Abbasqulu bəyin əsl soyadı Bakıxanov deyildi. Onun soyadı Nazarlı imiş. Bakıxanov isə tituldur. Abbasqulu Aga bir neçə il ordu sıralarında xidmət etdi. Bu səbəbdən də Çar Rusiyasının İrana və Türkiyəyə qarşı müharibəsində iştirak etdi. Tarixi Türkmənçay sülh müqaviləsinin imzalanması mərasimində tərcüməçi olmuşdu. Bakıxanovun Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundovla dostluq münasibətləri qurması onun yazarlara münasibətinin göstəricisi idi. 39 yaşı olanda Rusiyanın ayrı-ayrı yerlərinə səyahətə çıxmışdı. Bəzi şəhərlərdə olmuşdu. Bakıxanov rusların böyük şairi Puşkinlə də görüşmüşdü. Onların dostluq əlaqələri uzun çəkməsə də, münasibətləri səmimi idi. Abbasqulu Aga 40 yaşından sonra Qubaya köçmüşdü. 1837-ci ildə Çar Rusiyasının ciddi narahatlığına səbəb olmuş Quba üsyanı Bakıxanovun gözləri qarşısında baş vermişdi. Sonradan onu bu üsyanla əlaqədar Tiflisə çağırdılar. Lakin Bakıxanov üsyanın səbəbkarları sayılan məmurlardan şikayət etdi. Hətta Tiflisdə Quba üsyanının təşkilatçılarının üzə çıxarılmasına yardım etməkdən imtina etdi. Bütün bunlar Bakıxanovun kişilik, mərdanə xüsusiyyətlərindən xəbər verirdi.
Abbasqulu Aga Bakıxanov Azərbaycanın ən böyük maarifpərvər ziyalılarından, tarixçilərindən biridir. O, mükəmməl təhsil görmüşdü. Fars, ərəb və rus dillərində sərbəst danışırdı. Bununla yanaşı, qərb və şərq ədəbiyyatı ilə sıx maraqlanırdı. Çox mütaliə etməsi səbəbindən fəlsəfi bilikləri geniş idi. 26 yaşından başlayaraq rus ordusunda xidmət etməyə başladı. Bununla yanaşı tərcümə işləri ilə məşğul olurdu. Təkcə onu demək kifayətdir ki, onun “Gülüstani-İrəm” əsərində ilk dəfə Azərbaycan tarixi sistemli şəkildə qələmə alınıb. Bakıxanov tarixi hadisələri mükəmməl şəkildə təsvir edib. Bu əsərində monqol işğallarından ərəb əsarətinə qədərki dövr, habelə bundan sonra baş verənlər qələmə alınıb. Əsər elə Bakıxanovun sağlığında yüksək qiymətləndirildi. Bir sıra rus tarixçiləri “Gülüstani-İrəm”ə böyük dəyər verdilər. Hətta buna görə ona mükafat da verildi. Lakin Azərbaycan xalqının milli oyanışından, tarixi əsərlərin yayılmasından ehtiyat edən çar hökuməti “Gülüstani-İrəm”in çapından imtina etdi. Belə olan təqdirdə, Abbasqulu Aga Bakıxanov əsərinin mətbuatda dərc olunmasına qərar verdi. O, “Gülüstani-İrəm”i hissələrlə qəzetlərdə nəşr etdirdi.
Maarifpərvər Abbasqulu Aga Bakıxanov Azərbaycan təhsili qarşısında da bir sıra mühüm xidmətləri var. Məsələ burasındadır ki, Azərbaycanda dünyəvi müsəlman məktəbi haqqında ilk təklifi o irəli sürmüşdü. Bakıxanov bununla bağlı təkliflərini Qafqaz canişininə də göndərərək dünyəvi müsəlman məktəblərinin yaradılmasına razılıq verilməsini xahiş edirdi. Görkəmli maarifpərvər insan hətta həmin məktəblərin təşkilati işlərini öz boynuna götürmüşdü. O, ilk dünyəvi təhsil ocağının Bakıda açılmasını təklif edirdi. Bakıxanovun təklifinə görə, məktəb cəmi bir neçə sinifdən ibarət olmalı idi. Burada müsəlman və rus müəlliminin çalışması təklif olunurdu. Əsasən, dil məsələlərinə önəm verən Bakıxanov həmin məktəblərdə ana dili, fars və rus dili, eləcə də tarix, coğrafiya və hesab fənlərinin keçirilməsini təklif edirdi. Lakin onun bu təklifi Azərbaycanda təhsilin və maarifin inkişafını istəməyən çar generalı tərəfindən müsbət qarşılanmadı. O, Bakıxanovun məlum təklifini arxivə atmışdı.
Anar Tağıyev