Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) vətəndaşların elektron xidmətlərdən istifadə imkanlarının təkmilləşdirilməsi məqsədilə “Elektron xidmətlər portalı”nı (www.e-mlspp.gov.az) istifadəyə verib.
Teleqraf.com-un xəbərinə görə, portalda ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətləri ümumiləşdirilərək “Vətəndaşlar üçün xidmətlər”, “İşəgötürənlər üçün xidmətlər” və “Qeydiyyatsız xidmətlər” bölmələri üzrə əhatə olunub ki, bu da istifadəçilərin öz kateqoriyalarına və müraciətlərinin məzmununa, eləcə də autentifikasiya vasitəsinə malik olub-olmamalarına uyğun olaraq birbaşa hansı bölməyə müraciət etmələri üçün qısa vaxtda seçim etməyə imkan verir. Bölmələrdəki e-xidmətlərə daxil olduqda “Elektron hökumət” portalına avtomatik keçid təmin olunur. “Vətəndaşlar üçün xidmətlər” və “İşəgötürənlər üçün xidmətlər” bölmələrində əksini tapan e-xidmətlərdən istifadə üçün müvafiq autentifikasiya vasitələri (elektron imza, asan imza və s.) tələb olunduğu halda, vətəndaşlara “Qeydiyyatsız xidmətlər” bölməsindəki e-xidmətlərdən (“İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” və “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”) hər hansı autentifikasiya vasitəsi olmadan birbaşa istifadə etmək imkanları yaradılıb.
Portaldakı “Məktub” bölməsi isə vətəndaşlara heç bir autentifikasiya vasitəsi olmadan birbaşa ƏƏSMN-nin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar nazirliyə onlayn müraciət imkanı verir. Bu bölməyə daxil olan hər bir müraciət mövzusuna uyğun olaraq dərhal aidiyyəti üzrə ƏƏSMN-nin Aparatının şöbələrinə, Nazirlik yanında Xidmətlərə yönəldilir. Bununla yanaşı, portalda rəy və təkliflər üçün “Fikrinizi bildirin”, ƏƏSMN-nin e-xidmətlərlə bağlı məlumatları ilə tanış olmaq üçün “Xəbərlər”, habelə nazirliyin rəsmi internet saytına və “Elektron Hökumət” portalına keçid etmək üçün müvafiq bölmələr fəaliyyət göstərir.
Bu ilin ötən dövrü nazirlikdə informasiya texnologiyalarının tətbiqi işlərinin xeyli genişləndirilməsi, yeni elektron xidmətlərin yaradılması ilə müşayiət olunub. Bu dövrdə Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi, Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılaraq tətbiq olunub. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Onlayn müraciət” e-xidmətləri hazırlanaraq istifadəyə verilib. Həmçinin nazirliyin 142-“Çağrı mərkəzi”nin informasiya sistemi qurulub, digər qurumların informasiya ehtiyatları ilə inteqrasiyanın və korporativ şəbəkənin təhlükəsizliyinin təmin edilməsi, nazirliyin inzibati binasında lokal şəbəkənin tənzimlənməsi və s. işlər aparılıb.
Naibə QURBANOVA