“Məqsəd. Kiçik addım... Böyük irəliləyiş” əlilliyi olan gənclər üçün nəzərdə tutulan layihə başa çatdı.
Teleqraf.com-un məlumatına görə, layihə çərçivəsində Azərbaycanda ilk dəfə, bu gənclər öz uğur hekayələrini hazırlayıb təqdim etmək imkanı qazandılar: həyatda qarşılarına qoyduqları məqsəd, ona çatmaq üçün atdıqları addımlar bu addımların gətirdiyi böyük uğur. Bakıda təşkil olunan təlimlərə 19-29 yaş arası əlilliyi olan gənclər qatılıb. Layihənin məqsədi, bu gənclərin cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaq, vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkməkdir.
Təlimlər britaniyalı beynəlxalq təlimçi Dan Mason həyata keçirib: “Hazırda dünya, bir sıra ölkələrdə inkluziv cəmiyyətin formalaşması üçün bir sıra layihələr həyata keçirik. Bu layihə də deyərdim bunun bir tərkib hissəsidir. Məqsədimiz bu cəmiyyətin formalaşmasında əlilliyi olan gənclərin aktivliyini təmin edərək insanların diqqətini bu sahəyə yönəltməkdir”.
Təlim müddətində iştirakçılara öz uğur hekayələrini daha maraqlı və oxunaqlı yazmaq, onu multimedia vasitələrindən istifadə edərək təqdim etmək bacarığı aşılanıb. Bununla yanaşı, həm də onlara müsahibə almaq qaydaları, vətəndaş jurnalistikası bacarıqları təlim olunub. Təlimin sonunda gənclər öz uğur hekayələrini təqdim ediblər. Bu hekayələr müxtəlif dövrlərdə online mediada dərc olunacaq.
Qeyd edək ki, “Elnaramedia”nın müəllifi olduğu layihə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə həyata keçirilib.
BƏXTİYAR