19 Dekabr 2014 11:20
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin müəllimi: “Beş min manatı Qarabağ əlili olan valideynlərimə xərcləyəcəyəm”

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də ilin ən yaxşı müəllimi seçilən şəxslərin siyahısını təsdiq edib və onların hər birinə birdəfəlik 5 min manat pul mükafatı verilməsi haqda sərəncam imzalayıb. Bununla da 2014-cü ilin ən yaxşı müəllimləri müəyyən olunub.

Prezidentin məlum sərəncamına əsasən ilin müəllimi adına layiq görülənlərdən biri - Zaur Ələkbərov qəzetimizin suallarına cavab verib.

- Prezidentin sərəncamı haqda xəbəri hardan aldınız?
- Bu məlumatı bir dostum zəng edərək bildirdi. Adıma sərəncamda rast gəlmişdi. Daha sonra tələbə yoldaşın Nizami Məmmədli sosial şəbəkədə bu haqda mənə məlumat verdi. Nizami müəllim ilin müəllimi seçilən həmkarlarımın siyahısını paylaşmışdı və məni də ilk təbrik edənlərdən biri oldu. Mən də sizin qəzet vasitəsilə hamıya təşəkkürümü bildirmək istəyirəm. İlin müəllimi olmaq böyük məsuliyyətdir.

- İlk dəfədir ilin müəllimi adına layiq görülürsüz?
- Bəli, ilk dəfəE Məktəb direktorumuz başda olmaqla bir çox təhsil rəhbərlərimiz yer tutacağıma inanaraq sənədlərimi toplamağa məni təşviq etdilər.

- Hazırda hansı orta məktəbdə çalışırsınız?
- Hazırda Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyirəm. Məktəbimiz də bu il ilin ən yaxşı məktəbi adını alıb. Bu, mənm sevincimi bir az da artırdı.

- İlin müəllimi adına layiq görülmək hansı məsuliyyət yaradır?
- Düşünürəm ki, ilin müəllimi olmaq bizə stimul verir. Müəllim onsuz da məsuliyyətli olmalıdır. O, gələcək nəslin yetişməsi naminə var qüvvəsi ilə çalışmalıdır.

- Orta məktəblərdə təhsilin səviyyəsini necə qiymətləndirirsiniz? Sizin şagirdlərin ali məktəblərə qəbul faizi necədir?
- Məktəbimizdə təhsilin səviyyəsini müsbət qiymətləndirmək olar. Şagirdlərimiz bu il də uğurlu nəticələr əldə etdilər. Məzunlardan 60 faizdən çoxu ali məktəbə qəbul oldu, 5 nəfər 600-dən yuksək bal toplaya bildi. Əlbəttə, bu bir müəllim olaraq məni sevindirir. Əslində uğurlarımız daha yüksək ola bilərdi. Əgər şagirdlərimizi altıncı snifdən liseylər seçib aparmasaydılar...
Mən liseyə gedən şagirdlərimizi də qınamıram, çünki onlar daha yaxşı və daha rahat mühitdə təhsil almaq imkanı əldə edirlər. Bizim məktəbdə müəllimlərin səviyyəsi kifayət qədər yüksəkdir, əgər onları İKT avadanlıqları ilə təmin etsək, daha yaxşı işləyərlər.
Müəllim məvacibi az olduğundan həmişə valideyinlərimin dəstəyinə ehtiyac duymuşam . Əlavə pul qazanmaq üçün repetitorluq etmək istəyəndə atam şagirdlə müəllim arasında pul məsələsini qəbul etmədiyindən icazə verməyib. İmkan düşdükcə şagirdlərə pulsuz əlavə dərs keçirəm.

- İlin müəllimi elan olunmusunuz və müəyyən məbləğdə maliyyə dəstəyi alacaqsınız. Bu maliyyəni hara xərcləməyi nəzərdə tutursunuz?
- Mənim valideyinlərimin hər ikisi II qrup Qarabağ müharibəsi əlilidir. İstəyirəm bu pulla onları sanatoriyaya göndərim.

- Sizin rayon cəbhə bölgəsində yerləşmirsiniz. Valideynlərinizin hər ikisinin Qarabağ əlili olmasına aydınlıq gətirə bilərsinizmi?
- Mən Xocalı şəhərindən doğulmuşam, ailəliklə orada yaşamışıq. Erməni qəsbkarları Xocalı şəhərini tutub soyqrım törətdiyi 1992-ci il fevralın 26-sı gününə kimi orada yaşamışıq. Sonradan məcburi şəkildə rayonu tərk etmişik. Ermənilərin hücumu zamanı çoxlu sayda qohumlarımı və əzizlərimi itirmişəm. Atam həmin dövrdə hərbi qulluqda olub və ermənilərə qarşı vuruşub. Bu hadisə baş verən zaman daha çox əhalinin rayondan çıxarılması işinə diqqət edib.

- Hansı ali məktəbi bitirmisiniz?
- 2000-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsini bitirdikdən sonra təyinat üzrə Cəlilabad rayonuna göndərilmişəm. 2005 -ci ildən Cəlilabad rayonu Göytəpə şəhər 1 saylı tam orta məktəbdə tarix müəllimi işləyirəm. Müəllim fəaliyyətimlə yanaşı 2009-cu ildən Təhsil Nazirliyinin təşəbbüsü ilə keçrilən treninqlərdə iştirak etmişəm. Müasir təlim metodları, interaktiv təlim və yeni texnologiya ilə mükəmməl işləmək qabiliyyətinə sahibəm.

Fənn kurikulumunun tətbiqi əlaqədar təşkil olunmuş “Öyrədənlərin öyrədəni” təlimi kursundan keçərək, tarix fənni üzrə “təlimçi” statusu almışam.Təlim kursunda koordinator və təlimçi kimi fəaliyyət göstərmişəm.

Təhsilimizdə olan uğurlarla yanaşı bəzi problemlər də var ki, bunlar bir müəllim kimi narahat etməyə bilməz. Sirr deyil ki, hamımız yaxşı həkim axtarırıq, hətta bəzən qonşu ölkələrə gedirik, yaxşı müəllim seçirik, yaxşı çilingər, elektrik, texnoloq soraqlaşır, bəzən də tapmırıq. Bütün bunlar təhsilimizdə mövcud olmuş nöqsanların nəticəsidir, aradan qaldırılması çox asanlıqla mümkün olan nöqsanlardır. Uzun illərin təcrübəsi göstərir ki, biliklər yalnız tətbiq olunduqda möhkəmlənir, dərinləşir və zənginləşir.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər