Azərbaycan alimlərinin bu gün keçirilən I qurultayında Təhsil naziri Mikayıl Cabbarov çıxış edib.
Teleqraf.com-un məlumatına görə, nazir deyib: “Bir çox universitetlərdə elmi işlər müasir tələblərə, beynəlxalq standartlara uyğun gəlmir. Elmlə istehsalat arasında əlaqə itmək üzrədir. Düşünürəm ki, elmin müasir prioritet istiqamət sahələri müəyyənləşdirilməlidir. Alimlərimiz təkcə ali təhsillə kifayətlənməyib, orta təhsildə də çalışmalıdır.Bu istiqamətdə təklifləri gözləyirik”.
Nazirin fikrincə, elmin nüfuz qazanması üçün elmi tədqiqatların keyfiyyəti artırlamlıdır: “Ali təhsil müəssisələrinin, institutların bazası gücləndirilməlidir. Xaricdə nəşr edilən məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirilməlidir. 2008-ci ildən bu günə qədər xarici jurnallarda dərc edilən məqalələrin sayı 3.5 dəfə artıb. Lakin bu sahədə vəziyyət ürəkaçan deyil.
Təhsilsiz elm inkişaf etmədiyi ki, elmsiz də təhsil ola bilməz.İnanırıq ki, “Azərbaycan 2020: gələcəyə baxış” strategiyası təhsilin inkişafına, elmin maliyyələşməsinə imkan verəcək. Araşdırmalar göstərir ki, elmi nailiyyətlərin yarıdan çoxu praktikada tətbiq edilmir. Bu baxımdan, Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən birinin AMEA-nın baza məktəbi olması müsbət addım hesab edilə bilər”.
Nazir hesab edir ki, qarşıda duran əsas vəzifə elmi potensialın qorunmasıdır: “Ölkədə fəaliyyət göstərən alimlərin yarıdan çoxu təhsil sahəsində çalışır. Yaranmış vəziyyəti nəzərə alaraq doktorantura təhsil sahəsində qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi, adambaşına maliyyələşmə üzərində böyük iş aparır. Yüksək intellektə malik gənclər xüsusi qayğı ilə əhatə edilməlidir”.