Müzəffər Baxış: “İnzibati Xətalar və Cinayət məcəllələrində bəzi dəyişikliklər aparılması vacibdir”
Məşhur müğənni Castin Biber “İnstagram” sosial şəbəkəsində bir gecədə 23 milyon izləyicisinin 3 milyon 500 minini itirib. Bu, geniş auditoriyaya sahib olan şəbəkənin saxta profilləri bağlaması nəticəsində baş verib. Sosial şəbəkənin atdığı bu addım ən çox məşhurlara mənfi təsir göstərib. Castin Biberlə yanaşı 1.6 milyon izləyicisi olan repçi Maasenin isə 20 dəqiqə ərzində 100 min izləyicisindən məhrum olub.
Bir müddət əvvəl “İnstagram” istifadəçilərinin hər birinə saxta profillərin bağlanacağı haqqında əvvəlcədən xəbərdarlıq göndərib. Belə əməliyyatı sosial şəbəkə hər il aparır.
Saxta profillər başqa sosial şəbəkələrdə də problem yaradır, amma onların qarşısını almağa tələsmirlər. Azərbaycanda saxta profil problemindən daha çox şou-biznes nümayəndələri, siyasətçilər və digər tanınmışlar şikayətçidir. Problemin hüquqi yolla həlli o qədər də asan görünmür, baxmayaraq ki, internetdə təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulur.
“Onlar saxta ”layk" toplamağa xidmət edir"
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sözə saxta profilin izahı ilə başladı: “Saxta profil və ya saxta səhifə dedikdə, bir şəxsin özünə məxsus olan e-mail vasitəsilə başqa adla qeydiyyatdan keçərək başqa ad altında yaratdığı profil və ya səhifə başa düşülür. Feysbukun miqyasını nəzərə alsaq, deyə bilərik ki, orada bu saxtalığın radiusu daha da genişdir.
Məsələn, valideynlərin azyaşlı uşaqlar üçün açdığı səhifələri, bir nəfərin açdığı bir neçə səhifəni də Feysbuk saxta səhifə olaraq qəbul edir".
Ekspertin sözlərinə görə, Feysbuk səhifələri və profilləri müxtəlif məqsədlər üçün yaradılır: “Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir. Həmin şəxs düşünür ki, bunları öz adı ilə etsə, ətrafı yaxşı qarşılamaz. Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq başqa ad altında Feysbuk səhifəsi açırlar. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var. Onlar əsasən saxta ”layk" toplamağa xidmət edir.
Amerikada rəyi soruşulan xeyli sayda polis rəsmiləri bildiriblər ki, sosial media cinayətkarı tutmaq üçün ən yaxşı vasitələrdən biridir. Polislər saxta Feysbuk səhifəsi yaratmaqla, cinayətkarın dostlar siyahısına daxil olmağa və zəruri məlumatlar toplamağa çalışırlar".
Osman Gündüzün sözlərinə görə, insanlar və ya qurumlar da var ki, onlar saxta səhifələri öncədən tanıdığı başqa birisinin və ya başqa qurumun adından açır və onun adı altında fəaliyyətə başlayır. Ən təhlükəlisi də məhz bundan ibarətdir.
Sosial şəbəkələrin özlərini də nüfuzdan salırlar
Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Rahim Əliyev deyir ki, saxta profil məsələsində real təhlükə mövcuddur: “Fikir vermisinizsə, son dövrlərdə dövlət qurumları, tanınmış rəsmi və populyar insanlar, millət vəkilləri də Feysbuk vasitəsi ilə insanlarla əlaqə yaradılmasına üstünlük verməyə başlayıblar. Belə bir vaxtda tanınmışların adından yaradılan saxta səhifələr onların ictimai nüfuzuna xələl gətirməklə bərabər, həm də cəmiyyəti çaşdırır.
Sosial şəbəkələrin ən mühüm funksiyalarından biri də vətəndaşları, bütövlükdə cəmiyyəti əhəmiyyətli məsələlərin müzakirəsinə cəlb etməkdən ibarətdir. Bu prosesdə həm də dövlət rəsmiləri iştirak edirlər. Onlar öz Feysbuk səhifələri vasitəsilə müxtəlif məsələlərə münasibət bildirir və cəmiyyətin reaksiyasını öyrənməyə çalışırlar. Saxta profillərin çoxalması isə tanınmışları virtualdan uzaqlaşdırmaqla yanaşı, sosial şəbəkələrin özlərini də nüfuzdan salır".
Ekspert deyir ki, əslində, baş verənlər mahiyyətcə kiberqanunsuzluq olduğundan, problemin tam və asan formada həlli qaydası, sadəcə, yoxdur: “Sosial şəbəkələr müxtəlif dövlətlərə məxsusdur və onların da qanunvericiliyi müxtəlifdir. Təsəvvür edin, sosial şəbəkə bir dövlətin qanunlarına uyğun fəaliyyət göstərir, eyni zamanda, o, həm də bütün dünya üçün nəzərdə tutulur. Təbii ki, bütün bunlar problemlər yaradır”.
Beynəlxalq təcrübədə saxta profil problemi ilə bağlı il ərzində xeyli sayda məhkəmə çəkişmələri olur. Məsələn, bir neçə ay əvvəl Almaniyanın Köln şəhərində öz keçmiş ərinin adına saxta Feysbuk səhifəsi açaraq orada qanunsuz informasiyalar paylaşdığına görə 18 ay həbs cəzası alan olub.
Yəni artıq Avropa və bir çox xarici ölkələrdə kiminsə saxta səhifəsini açmaq kiməsə zarafat kimi görünsə də, nəticə ağır olur. Qeyd edək ki, Feysbuk qaydalarına və mövcud normalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməzdir və qanunsuzdur. Qaydalarda bildirilir ki, hər bir şəxs öz real adı altında qeydiyyatdan keçə və özünə yalnız bir hesab aça bilər.
Məcəlləyə dəyişiklik edilməlidir
Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov bildirdi ki, saxta profillərin açılmasına qarşı mübarizə üçün İnzibati Xətalar və Cinayət məcəllələrində bəzi dəyişikliklər aparılması vacibdir: “Saxta profil məsələsinin birdəfəlik tənzimlənməsi üçün İnzibati Xətalar Məcəlləsinə, ya da onun vurduğu ziyanın təhlükəlilik predmetindən asılı olaraq Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməldir ki, belə şəxslər inzibati, yaxud cinayət məsuliyyətinə cəlb olunsunlar. Bu yolla gələcəkdə həmin halların qarşısını almaq olar. Yəni proses vurulan ziyandan asılı olaraq inzibati və yaxud cinayət məsuliyyəti formasında öz həllini tapmalıdır. Yəqin ki, gələcəkdə problem məhz bu qaydada yoluna qoyulacaq.
Artıq Azərbaycan qanunvericiliyində internetlə bağlı ictimai münasibətlərin tənzimlənməsi istiqamətində yeni qanunlar qəbul olunur. Məsələn, internetdən istifadə etməklə təhqir və böhtana görə cinayət məsuliyyəti müəyyən olundu. Bu əsasda gələcəkdə ola bilsin, başqalarının adına saxta profillər açmaq məsələsi də tənzimlənsin".
Feysbuk saxta profilləri bağlaya bilər
Növbəti 2015-ci ildə Feysbukun hədəfləri sırasında saxta profillərin bağlanması məsələsi də var. Yeniliklərdən birinin məhz bu olacağı barədə xarici mətbuatda yer alan məlumatlara görə, istifadəçilərin Feysbuk sosial şəbəkədəki hesabı hər an bağlana bilər. Bu, sosial şəbəkədə əsl ad və ya soyadını yazmayan istifadəçilərlə bağlı bir qərar olacaq və həmin şəxslərin hesablarına girişi heç bir xəbərdarlıq edilmədən məhdudlaşdırılacaq.
Səhifəyə daxil olmaq istəyərkən istifadəçilərin qarşısına ingilis dilində Feysbuk hesabınızdakı adın həqiqi olmadığı aydın olur. “Dostlarının kiminlə əlaqə qurduğunu anlaması üçün hər kəsə real həyatdakı adlarından istifadə etməyi məsləhət görürük” yazısı çıxır. Bu yazının altında şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ya pasportun fotosunu çəkib yükləməyiniz tələb olunur.
Naibə Qurbanova