Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlar dekabrın 23-də Gəncədə olublar.
Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev park-kompleksini, hündürlüyü 41 metr olan Zəfər tağını ziyarət ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Bakıda keçirilən "Qız Qalası" Beynəlxalq Festivalında nümayiş etdirilən Qız qalasının maketlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar vaxtilə ulu öndər Heydər Əliyevin əkdiyi çinar ağacını seyr etdilər. Leyla Əliyeva yeni çinar ağacının əkilməsində iştirak edərək onu rəmzi olaraq "Lermontov ağacı" adlandırdı. Ağacın əkilməsində rusiyalı qonaqlar da iştirak etdilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onun ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən IDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim etdikdən sonra Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış oldu. Leyla Əliyeva burada toxunuşu başa çatan xalçanın kəsilməsi prosesində iştirak etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti xalçanı "Lermontov irsi" Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə etdi.
Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan çinarı əkdilər, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər.
Rüstəm