24 Dekabr 2014 12:44
2 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Cənab İlham Əliyevin 53 yaşı tamam olur.

Əlbəttə, İlham Əliyevin adı çəkilərkən ümummilli lider Heydər Əliyevi xatırlamaya bilmirsən. Yəqin, hamı razılaşar ki, Azərbaycanın son yarım əsrə yaxın tarixi bu iki şəxsiyyətin adı ilə bağlıdır. Cənab Prezidentin doğum gününə “Gündəlik Teleqraf” qəzetinin kiçicik töhfəsi sayıla biləcək yazını qələmə alarkən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət və milli maraqlarının qorunması istiqamətindəki fəaliyyətindən, bu gün həmin missiyanı Prezident İlham Əliyevin uğurla davam etdirməsindən bəhs etməsək, şübhəsiz ki, çox böyük ədalətsizlik etmiş olardıq. Çünki haqqında danışılan hər iki şəxs Azərbaycanın nəinki dövlətçilik maraqlarının, dövlətçiliyinin qorunub saxlanılmasının qarantı, simvolu və vətəndaş təəssübkeşliyinin nə demək olduğunun ən böyük nümunələridir. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevin həyat kredosu “Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir” sözləri idi. Heydər Əliyev və İlham Əliyev özlərini bütünlüklə Azərbaycana həsr etmiş insanlardır. Azərbaycan bu iki görkəmli dövlət xadimi üçün hər şeydən əfzəldir.

Dövlət maraqlarının etibarlı müdafiəçisi

On bir ildən artıqdır dövlətimizə başçılıq edən Prezident İlham Əliyevin fəaliyyəti dövründə dövlət və milli maraqlarımız çox yüksək səviyyədə qorunub. Onun istər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda, istər xarici dövlətlərlə ikitərəfli müqavilələr imzalayanda, ümumiyyətlə, hər bir addımında dövlət maraqlarının qorunduğunu görmək mümkündür. Dünyanın tanınmış siyasi ekspertlərindən olan Pol Qobl 2008-ci il oktyabrın 31-də, İlham Əliyev ikinci dəfə prezident kimi and içdikdən bir həftə sonra “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə demişdi: “Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə müdafiə etməsi və bu çərçivədə Heydər Əliyev tərəfindən əsası qoyulan tarazlaşdırıcı siyasəti uğurla davam etdirməsidir. Prezident İlham Əliyev bölgədə marağı olan dövlətlər, o cümlədən İran, Rusiya və Türkiyə, ABŞ və digər Qərb dövlətləri arasında tarazlığı gözləyir və Azərbaycanın dövlət maraqlarına uyğun olan xarici siyasət yeridir”.

Bu mənada, əminliklə demək olar ki, Prezident İlham Əliyevin həm bir dövlət başçısı kimi dövlət maraqlarının qorunması, həm də layiqli bir vətəndaş kimi Vətənin təəssübünün çəkilməsi istiqamətindəki fəaliyyəti yalnız təqdir oluna bilər.

Sosial sahə prioritetdir

Azərbaycan Prezidentinin fəaliyyətində sosial siyasət sahəsi də daim prioritet istiqamət təşkil edib. Dövlət başçısı sosial sahəyə, əhalinin sosial rifah halının yaxşılaşmasına hər zaman yüksək qayğı və diqqət göstərməsi ilə seçilib. Şübhə etmirik ki, 2003-cü ildə “Mən bütün azərbaycanlıların prezidenti olacağam” söyləyəndə cənab İlham Əliyev məhz bütün azərbaycanlıların istər sosial, istərsə də digər problemlərinin məhz onun öz problemi olmasını nəzərdə tutduğu mesajını verirdi. Prezident İlham Əliyev sosial siyasət sahəsində böyük bir siyasi xətt həyata keçirir və 2020-ci ilədək Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması qarşıya hədəf kimi qoyulub.

Siyasi müstəqilliyimizin qarantı - iqtisadi gücümüz

Əgər 1994-cü ilin sentyabrın 20-də Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamış və bu müqavilə çox əhəmiyyətli bir müqavilə olmaqla, ölkənin müstəqilliyinin qorunub saxlanılmasında böyük rol oynamışdısa, həmin tarixi hadisənin 20 illiyində – 2014-cü ilin sentyabrın 20-də Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinin təntənəli təməlqoyma mərasiminin keçirilməsi də “Əsrin müqaviləsi”nin özü qədər mühüm bir hadisə idi. Zənnimizcə, bu iki layihəni müqayisə etmək yerinə düşər. Çünki TANAP layihəsi üzrə 45 milyard dollar investisiya qoyulması nəzərdə tutulub, o cümlədən məhz bu kəmər Azərbaycan mavi yanacağını Avropa bazarlarına çıxaracaq. Ancaq bu, layihənin iqtisadi tərəfidir. TANAP-ın siyasi tərəfləri bundan az əhəmiyyət kəsb etmir. Bu layihə ilə artıq Avropa dövlətlərinin Azərbaycana marağı birə-beş artmış oldu. Başqa sözlə desək, bu layihə Avropa dövlətlərini Azərbaycanda sabitlik olmasında maraqlı olmağa sövq etdi. Bununla da təbii ki, Azərbaycanın müstəqilliyinə xələl gəlməyəcək. Beləliklə, biz deyə bilərik ki, 1994-cü ilin sentyabrın 20-də imzalanan müqavilə “XX əsrin müqaviləsi” idisə, 2014-cü ilin sentyabrın 20-də imzalanan saziş “XXI əsrin müqaviləsi”dir.

Azərbaycan – multikulturalizm məkanı

Etiraf etmək lazmdır ki, həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin bir dövlət başçısı kimi müxtəlif sahələrdə göstərmiş olduğu fəaliyyətlər o qədər geniş, o qədər zəngindir ki, bu barədə daha geniş bəhs etmək, nəinki məqalələr, cild-cild kitablar yazmaq mümkündür. Əlbəttə, bu cür kitablar da yazılır və yazılacaq. Amma bizə görə, bu da azdır. Təkcə Prezident İlham Əliyevin rəhbərliyi altında bu illər ərzində müxtəlif dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanılması və inkişafı istiqamətində çox böyük addımlara imza atılmasını qeyd etmək yerinə düşər. Bu ilin oktyabrın 2-3-də Bakıda çox mühüm tədbir – sayca dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə Azərbaycan dünyaya sübut etdi ki, bir sıra ölkələrdə multikulturalizmin qəbul olunmamasına, dinlər arasında təfriqələrin olmasına, mədəniyyətlərin bir-birini təcrid etmək istəyinə baxmayaraq, birgəyaşayışın alternativi yoxdur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün həm Avropa ailəsinin, həm də İslam dünyasının mühüm bir hissəsidir. Azərbaycanın bu unikal təcrübəsindən başqa dövlətlərin də istifadəsinə böyük ehtiyac var və müxtəlif dövlətlərin rəhbərləri bunu vaxtaşırı etiraf edirlər.

Bir sözlə, əgər bu gün Prezident İlham Əliyevin yürütdüyü daxili siyasət ölkənin iqtisadi mövqelərini gücləndirib, əhalinin sosial rifahını daha da yaxşılaşdırıbsa, xarici siyasət də dünya meridianlarında Azərbaycanın inkişafının çox yüksək qiymətləndirilməsinə, ölkəmizin iqtisadiyyatının rəqabət qabiliyyətinə görə Davos Dünya İqtisadi Forumunun reytinq cədvəlində 38-ci yerə yüksəlməyinə, xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb olub. Bu isə ölkəsini, xalqını sevən hər bir insana qürur hissi yaşatmalıdır, bizə görə...

“Gündəlik Teleqraf”


Müəllif:

Oxşar xəbərlər