24 Dekabr 2014 16:19
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib.

Teleqraf.com-un “AzərTAc”a istinadən məlumatına görə, müraciətdə deyilir:

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Hər il böyük sevinclə qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!

Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. “Güclü dövlət – güclü diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir.

Sevindirici haldır ki, diaspor quruculuğu sahəsində aparılan işlər öz bəhrəsini verir. Xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə, bəzi qüvvələrin dövlətimiz və xalqımızın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlər görürlər. Diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər.

Bu gün hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə fəxr etməkdə haqlıdır. Biz keçən illər ərzində iqtisadiyyatımızı sürətlə inkişaf etdirməyə, əhalinin rifah halını yüksəltməyə, yoxsulluq və işsizlik kimi sosial bəlaların səviyyəsini minimuma endirməyə nail olmuşuq. Enerji resurslarından əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və demokratik institutların inkişafına yönəldilmişdir. Ölkədə nəhəng nəqliyyat və sosial infrastruktur layihələri icra edilmiş, elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı üçün müasir və güclü maddi-texniki baza yaradılmışdır.

Sivilizasiyalararası dialoq və humanitar əməkdaşlıq istiqamətində irəli sürülən təşəbbüslər, yüksək səviyyədə keçirilən beynəlxalq forumlar ölkəmizi multikulturalizm və tolerantlığın mərkəzi kimi tanıtmışdır.

Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi, iqtisadi və humanitar həyatında fəal rol oynayır. 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmiz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

Cari ildə “XXI əsrin müqaviləsi” adlandırılan layihənin icrası istiqamətində mühüm addım atılmışdır. “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiyanı dərinləşdirmək üçün yeni imkanlar qazanmışdır.

Gələn ilin yayında paytaxtımız birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Biz bu böyük idman bayramına ciddi hazırlaşır, ölkəmizə bəslənilən inam və etimadı doğrultmaq üçün əzmlə çalışırıq.

Müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycançılıq ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut edir. Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqımızın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcəkdir. Bunun üçün biz sıralarımızı daha da möhkəmləndirməli, əcdadlarımızdan miras qalmış çoxəsrlik mədəniyyətimizi inkişaf etdirməli və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik.

Bu bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hər bir soydaşımıza və həmvətənimizə səadət, firavanlıq, işlərində uğurlar diləyirəm!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2014-cü il.


Müəllif:

Oxşar xəbərlər