11 Fevral 2023 13:20
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə paytaxt Bakıdan muxtar respublikaya gələn “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra muxtar respublikanın Gənclər Fondundan Naxçıvan könüllüləri ilə birgə 100 nəfərdən ibarət heyətlə qardaş ölkəyə yola salınıb.

Teleqraf.com-un məlumatına görə, NUHÇIXAN İnformasiya Agentliyinə müsahibə verən gənclər zəlzələdən zərər görmüş insanlara mənəvi-psixoloji dəstək göstərmək, qarşıya qoyulan tapşırıqları canla-başla yerinə yetirmək üçün səylə çalışacaqlarına söz veriblər.

***

11:47

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşuldular.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşdü.

Ulu Öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan İttifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllülər öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Azərbaycan könüllüləri bir daha dəhşətli faciə ilə üzləşmiş qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirir, bu faciədə həyatını itirənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.


Müəllif: Teleqraf.com