Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Avropa İttifaqının (Aİ) Hüquq-mühafizə Təlimləri Agentliyi (CEPOL) tərəfindən İtaliyanın Roma şəhərində “Saxta mallar: dərman vasitələrinin və kənd təsərrüfatı məhsullarının saxtalaşdırılması və qeyri-qanuni ticarəti" mövzusunda keçirilən təlimdə iştirak ediblər.
DGK-dən Teleqraf.com-a bildirilib ki, tədbirə Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyev, Baş İdarənin və Dövlət Gömrük Komitəsi Akademiyasının, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və Şərq Tərəfdaşlığı ölkələrinin hüquq-mühafizə orqanlarının 30 nümayəndəsi qatılıb.
Təlim dərman və oxşar məhsulların kontrafaktlığı üzrə mövcud biliklərin daha da dərinləşdirilməsi, əqli mülkiyyət cinayətlərində iştirak edən mütəşəkkil cinayətkar qruplarla mübarizə istiqamətində Avropa İttifaqında tətbiq edilən müxtəlif üsul və alətlər haqqında iştirakçıları məlumatlandırmaq məqsədilə keçirilib.
Praktiki təcrübələr əsasında təşkil edilən təlimdə kontrafakt mallarla mübarizənin əhəmiyyəti, kontrafakt məhsulların beynəlxalq ticarətə vurduğu ziyan, Cinayət Təhdidlərinə Qarşı Avropa Multidisiplinar Platformasının (EMPACT) anlayışı və funksiyaları, qanunsuz pestisidlər, bioaşqarların dövriyyəsi üzrə mübarizədə İtaliya polis təşkilatının fəaliyyəti və digər mövzular ətrafında geniş məlumat verilib.
Təlimi müvəffəqiyyətlə tamamlamış iştirakçılar sonda CEPOL sertifikatları ilə təltif olunublar.