13 Aprel 2023 17:28
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məşqə FHN Muğan Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Sabirabad Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının üzvləri, Mülki müdafiə xidmətləri və həmin xidmətlərdə yaradılmış ərazi Mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikaları cəlb olunub. Ümumilikdə nümunəvi məşqə rayonda fəaliyyət göstərən 14 idarə, müəssisə və təşkilatdan 161 nəfər əməkdaş və 34 ədəd texnika cəlb edilib.

Tədbirin keçirilməsində məqsəd mülki müdafiəyə dair tədbirlər planlarının reallığa uyğunluğunun yoxlanılması, cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarət olub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin rəisi Vüqar Ağayev və Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini - Rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov çıxış edərək, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə vərdişləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda nümunəvi məşqin təhlili aparılıb, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər