20 Aprel 2023 19:29
4 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazanda çıxarılan fitrə zəkatın bank kartına köçürülməsi məsələsi cəmiyyətdə fikir ayrılığına yol açıb. Kimi bu üsulla ödəmənin düzgün olmadığını, kimi də əksini düşünür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Teleqraf.com-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.

O, fitrə zəkatın plastik karta köçürülməsini məqsədəuyğun sayıb: “Tanıdığım ehtiyac sahibi, xəstə bir insan var. O, ünvanlı sosial yardım alır, ailəsini dolandıra bilmir. Bir sözlə, çox çətin vəziyyətdədir. Çıxardığım fitrə zəkatı onun kartına göndərsəm nə qəbahəti var? Bu məsələ niyə birmənalı qəbul olunmur, anlamıram?

Həmin şəxs rayonda yaşayır. Bayram günü Bakıdan rayona gedib çıxardığım 20-30 manatı ona verib gəlməyim heç bir məntiqə sığmır. Bunun yol xərci, vaxt itkisi kimi məqamlar var. Zəkatı ünvanına çatdırmağın ən rahat və sivil yolu plastik karta köçürməkdir.

Bu kimi məsələlərə irad tutan insanlar niyə harasa gedəndə avtomobildən, təyyarədən istifadə edirlər? Bəzi insanlar düşünür ki, Həcc ziyarəti ancaq piyada, dəvə və ya atla gedəndə qəbul olur. Bu, normal yanaşma deyil. Amma bu gün bu yanaşmaya, bu münasibətlərə senzura yoxdur. Dünya görüşü olmayan, yeniliyi qəbul etməyən insanı necə qınayasan?

Bu gün dünyanın hər yerində plastik kart vasitəsi ilə köçürmələr aparılır. Təqaüdçü pensiyasını, əksər çalışanlar maaşını, alış-veriş belə kartla alınır. Cibdə pul gəzdirmək yaxşıdır, yoxsa, vəsaitin kartda olması?!

Bu gün xəstə, yardıma ehtiyacı olan o qədər insan var ki, yardım kampaniyaları keçirilir, onların adına açılan plastik kartlar KİV-də yayımlanır. Bəzən 1 manat yardım olunur. Əlbəttə, onu aparıb evinə verməkdənsə, kartına köçürmək daha sərfəli olar”.

Fuad Nurullayev deyir ki, fitrə zəkatı hər adama vermək və ya məscidlərin nəzir qutusuna qoymaq olmaz:

“Peşəkar” dilənçilər var, bayram günlərində qapı-qapı gəzib deyir ki, fitrə yığırıq. Fitrə zəkatını onlara vermək olmaz. Bu pulu yalnız tanıyıb bildiyiniz insanlara vermək lazımdır.

QMİ-nin açıqladığı fitrə zəkatının həcmi də müzakirələrə səbəb oldu. Amma QMİ adambaşına 10-15 manat fitrə zəkatının verilməsini tövsiyə edir. İldə bir dəfə ehtiyaclı insanlara maddi imkanı yaxşı olan birinin öz ailə üzvlərinin sayına uyğun 10 manat çıxarsa, pis olar?!”

QMİ rəsmisi fitrə zəkatın pul şəklində verməyin daha məqsədəuyğun sayır: “Tutaq ki, bir kasıbın evinə 100 kiloqram un və ya buğdadan fitrə zəkatı aparırlar. Yaxud eyni məqsədlə 50 kiloqramlıq düyü aparılır. Ehtiyaclı insan nə edəcək, eyni həcmdə olan iki-üç adda olan ərzaqları?! Əlbəttə, zəkat pul şəklində çıxarılarsa, imkansız şəxs açıb deyə bilmədiyi ehtiyaclarına xərcləyər. Ağıl və məntiq pul verməyin üstün olduğunu təsdiq edir.

Yaxşı olar ki, çıxarılan zəkat bir neçə ehtiyaclı insanlar arasında bölünsün”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər