Azərbaycanda elmin, təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Bəzən təhsil haqqında danışarkən böyük hədəflərdən danışırıq. Xüsusi qeyd etmək lazımdır ki, 1920-ci illərdə ali təhsillilərimizin sayı olduqca az olub. Ölkəmizin 100 il ərzində təhsil sahəsində əldə etdiyi nailiyyətlər unikal nəticədir.
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin təhsil şəbəkəsinin artırılmasında, Azərbaycan vətəndaşlarının SSR ali təhsil müəssisələrində təhsil almasında rolu təqdirəlayiq haldır:
"Azərbaycan dilli təhsil şəbəkələrinin genişləndirilməsi, ali təhsil kontingentinin artırılması təhsilimizin sonrakı dövrlərinə, bu gününə əsaslı şəkildə təsir edir:
Ulu Öndərin fəaliyyəti dövrü təhsilin qızıl dövrü adlandırılmalıdır. O dövrdə məktəb şəbəkəsi böyüdü, ucqar kəndlərdə məktəblər fəaliyyətə başladı.
Əsrin əvvəlində bir neçə min ali təhsilli insan var idisə, 70-ci illərdə bu yüz minə çatdı. Qarşıdakı illərdə isə bu göstəricinin 40 faizə çatması gözlənilir. Ulu öndərin azərbaycanlı tələbələrin xaricdə təhsilinə dəstəyi Prezident İlham Əliyev tərəfində Dövlət Proqramı ilə davam etdirilir. Yaxında xaricdə təhsil alan azərbaycanlılardan ibarət forumun keçirilməsi nəzərdə tutulur.
Bu il Böyük Britaniyanın və İsrail universitetləri ilə ikili proqramların hazıdlanmasını planlayırıq. Son illərdə Azərbaycanda 3500-ə qədər məktəb yenidən qurulub, təmir edilib. Bu gün Azərbaycan məktəblərində 300 mindən artıq şagird proqramlaşdırma dərslərinə, 100 mindən artıq şagird STEAM dərslərinə cəlb olunub.
Ən böyük təhsil hadisələrindən biri "Zəfər tarixi" fənninin tədrisidir. Bu gün 2 məktəbizimin fəaliyyəti işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti bərpa edilib. Bütün bu hadisələr Ulu öndərin ideyalarının təntənəsidir".