29 Aprel 2023 16:38
2 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Firdovsiyyə xanımla AMEA-nın Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovun rəhbəri olduğu institutun nə ölkənin, nə də xalqın tarixini yazmadığı barədə fikirləri və bu sahədəki problemlər ətrafında söhbətləşdik.

- Firdovsiyyə xanım, Kərim Şükürovun məlum açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Sizcə, bir institutun Azərbaycan tarixini yaza bilməyəcək qədər zəif potensialda olması nədən qaynaqlanır?

- Akademik səviyyədə Azərbaycan tarixi sovet dövründə üçcildli kitab şəklində nəşr olunub. Müstəqillik dövründə də AMEA-nın Tarix İnstitutunun 7 cildlik kollektiv nəşri ərsəyə gətirilib. Amma institutun bu 7 cilddən əlavə, Azərbaycan tarixini əks etdirən 2 cildlik nəşr də var, hansı ki, müstəqillik dövrünü əhatə edir.

Bundan əlavə, Azərbaycan tarixinin müxtəlif dövrləri və mərhələləri üzrə mütəxəssislərin çoxsaylı monoqrafiyaları çap olunub. Təbii ki, bu monoqrafiyalar əsasında da Azərbaycan tarixinin ümumiləşdirilmiş kollektiv nəşri işıq üzü görüb.

Sovet dövründə nəşr olunanlar mövcud ideologiyanın təsirindən kənarda çap oluna bilməzdi. Baxmayaraq ki, o dövrdə də Azərbaycan tarixinin müxtəlif mərhələləri üzrə çox güclü aparıcı mütəxəssisləri olub, amma nəticə etibarilə son nəşr variantı dövlətin siyasəti, ideologiyası, qəlibi, çərçivəsi nəzərə alınmaqla işıq üzü görməliydi və görmüşdü də. Bu baxımdan, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra təbii ki, öz xalqının, dövlətçilik tarixini obyektiv işıqlandırmaq baxımından tam sərbəst bir imkan qazanmışdı.

Mütəxəssislərin kasadlığı məsələsi bütün dövrlər üzrə şamil oluna bilməz. Çünki həmin 7 cildlik Azərbaycan tarixi kollektiv nəşrdir, onun qədim, orta və sonrakı dövrləri yenə də aparıcı alimlər tərəfindən yazılıb. Həmin mütəxəssislər öz dövrünün qaynaqlarının izini mükəmməl bilirlər - istər qədim dillər baxımından, istərsə də ərəb dili bilicilərimiz... Yəni onlar hamısı bir alimin qələmə aldığı dərslik deyil.

İndi mixi yazılarını, pəhləvi dilini bilən gənc mütəxəssislərin olmaması ciddi bir problemdir. Bu sahədə böyük bir boşluq var. Amma bu, düzəlməsi mümkünsüz məsələ deyil. Dünyanın müxtəlif ölkələrində istər dillər üzrə, istərsə də metodologiya baxımından mütəxəssis yetişdirilməsi üçün dövlətin kifayət qədər imkanları var. Bu baxımdan peşəkar tarixçi olmaq niyyətinə düşən gənclərimiz varsa, onları müvafiq dilləri öyrənmək üçün dövlət hesabına aparıcı tədqiqat institutlarına göndərmək olar.

Bizim dil bilən mütəxəssislərimiz də yetişər ki, həmin tarixçilər də o qaynaqları təkrar oxuyub, tədqiq edib, əvvəlki nəşrlərlə müqayisə aparıb, Azərbaycan tarixinin yenidən yazılmasında öz töhfəsini verə bilərlər.

- Tarix İnstitutunun potensialının zəifliyində maliyyə çatışmazlığı nə qədər rol oynayır?

- Müvafiq səlahiyyəti olmayan şəxs kimi, Tarix İnstitutunun mütəxəssis və ya maliyyə çatışmazlığı baxımından fikir bildirmək iqtidarında deyiləm. Amma bir tarixçi kimi deyə bilərəm ki, indiyə qədər bu cür kollektiv akademik nəşrlər yalnız bir institutun əməkdaşları tərəfindən qələmə alınmayıb və “mütləq belə də olmalıdır” deyə bir yanaşma yoxdur.

Ola bilər ki, müəyyən dövrün aparıcı mütəxəssisi heç Tarix İnstitutunda yox, başqa bir ali təhsil müəssisəlində işləyib. Məsələn, bizdə uzun müddət tarix fakültələrində və bu fənnin tədrisində çalışmış akademiklər Ziya Bünyadovun və Yusif Yusifovun redaktəsi altında çap olunmuş Azərbaycan tarixi dərsliyindən istifadə olunub. Yusif müəllim Pedaqoji Universitetin kafedra müdiri olub, qədim dilləri bilən mütəxəssis idi.

Təcrübədə də həmişə belə olub, sovet və müstəqillik dövrlərində akademik kollektiv nəşrlər hazırlanarkən respublika üzrə aparıcı mütəxəssislərin cəlb olunması ilə hərə öz dövrünün tarixini yazıb. Məsələn, ərəb xilafəti dövrünün Azərbaycanla bağlı mərhələsini görkəmli akademikimiz Ziya Bünyadov, Nailə Vəlixanlı işləyib. Bu akademiklər qədim dilləri bilirlər, amma Tarix İnstitutunda işləməyiblər.

Hesab edirəm ki, respublikanın aparıcı akademiklərini cəlb edilməklə Azərbaycan tarixinin kollektiv nəşri hazırlanmalıdır. Zaman-zaman bizim görkəmli tarixçilərimiz dünyasını dəyişdikdən sonra onların əgər məktəbi yaranmayıbsa, o boşluq hiss olunub. Spesifik sahələr var ki, mütəxəssislər çox asanlıqla yetişmir. Mütəxəssisin ölümündən sonra məktəb də yoxdursa, artıq o boşluq ciddi şəkildə özünü büruzə verir. Tarix İnstitutunda bu amil də var.

Ona görə də alimin bir məktəbi olmalıdır ki, onun tövsiyəsi və rəhbərliyi ilə gənclər yetişsin. Həmin gənclər də o boşluğun yaranmasına imkan verməsinlər. Söhbət dili bilən, peşəkar tarixçilərdən gedir.

Amma düşünmürəm ki, ciddi maliyyə çətinliyi olsun. Çünki institut dövlət tərəfindən maliyyələşdirilir və gənc mütəxəssislərin hazırlanması üçün müvafiq qurumlar qarşısında qaldırılan məsələ strateji olduğuna görə təmin olunmalıdır. Zatən professor Kərim Şükürov açıqlamasında qeyd edib ki, Elm Fonduna müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırlar. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirlər. Bu, arzuolunmaz haldır.

Azərbaycan beynəlxalq səviyyədə öz imicini müxtəlif sahələrdə təqdim etmək üçün potensialını sərf etdiyi halda, nədən peşəkar tarixçinin, dil bilən mütəxəssisin yetişməsi üçün vəsait sərf olunmasın? Yəni, maddi imkanlar, resurslar var, sadəcə gərək səhlənkarlıq, laqeydlik, biganəlik olmasın. Həqiqətən də bu, strateji bir sahədir və Azərbaycan tarixinin yeni qaynaqlar, yeni arxeoloji qazıntılar sayəsində və mütəxəssislərin yeni yanaşması ilə kollektiv nəşrinin hazırlanmasına böyük ehtiyac var.

- Kərim Şükürovun məlum çıxışı sosial mediada birmənalı qarşılanmadı. Hətta iddialar səsləndi ki, Elm Fondundan 3 milyard manat qrant alıb, nəyə görə Azərbaycan tarixini yaza bilməyib. Bu fikirlərin əsası varmı?

- Doğrusu, 3 milyard manat qrantın alınmasından məlumatsızam. Ağızdan-ağıza söylənən fikirlə kimisə ittiham etmək də əsassız olar. Zatən bu pulun həqiqətən ayrılıb-ayrılmadığını, ayrılıbsa, hansı sahələrə istifadə olunduğunu yoxlamaq və təftiş etmək o qədər də çətin məsələ deyil. Bu yöndə bilgisiz olduğuma görə heç bir münasibət bildirə bilmərəm.

Amma elm üçün qoyulan sərmayə xalqın, millətin, dövlətin gələcəyinə qoyulan sərmayədir. Bu baxımdan böyük məbləğin sərf olunması qınaq obyektinə çevrilməməlidir. Yetər ki, ayrılan vəsait həqiqətən bu hədəfə, məqsədə çatmaq üçün istifadə olunsun.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər