Xalq artisti Vaqif Mustafayev əməkdar artist Elxan Qasımovun vida mərasimində iştirak edib.
Vaqif Mustafayev Teleqraf.com-a açıqlamasında mərhum haqqında bu sözləri deyib: "Bu gün bizdən birini itirdik. "Azərbaycanfilm" kinostudiyası həm də insan deməkdir. O şəxsiyyətlər ki, mən onları gözümü açandan görmüşəm. Onlardan biri də Elxan Qasımovdur. Elxan Qasımov əfsanəvi şəxsiyyət idi. Allah onu yaradıb, kinoya gətirib. Yaddaqalan rollarından biri "Əhməd haradadır?" adlı filmdə "Sürücü Əhməd"dir. Azərbaycanda elə bir insan yoxdur ki, onu tanımasın, alqışlamasın. O, bir azdan dəfn olunacaq, hamı alqışlayacaq. Amma bu, onun son alqışları olmayacaq. Onun "Sürücü Əhməd" rolu hələ uzun müddət yaddaşlarda yaşayacaq".
Vaqif Mustafayev qeyd edib ki, Elxan Qasımov hər zaman sağlam olub: "Eşitdim ki, reanimasiyadadır. İstədim gedib ona baş çəkim, amma dedilər ki, olmaz. Düşündüm ki, bu gün, sabah onu palataya keçirərlər, mən də gedib ona baş çəkərəm. Amma dünən mənə xəbər verdilər ki, Elxan Qasımov vəfat edib. 1973-cü ildən, kinostudiyaya gələndən düz 50 ildir ki, Elxan hər zanan gözümün önündədir. O hər zaman gülərüz, gülməli əhvalat danışan və çox qayğıkeş idi. Allah rəhmət eləsin".