“Heydər Əliyev xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasinı ləyaqətlə yerinə yetirdi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iyunun 14-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycan tarixində və taleyində yeri və rolu tarixçilər, politoloqlar, filosoflar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcək:
“Lakin Ulu Öndərin müasirləri olaraq dəqiq bilirik ki, Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan dövləti də olmayacaqdı, nəinki müstəqil qüdrətli bir dövlət yaratmaq bizə nəsib olacaqdı, hətta ola bilsin ki, indiki müstəqilliyimiz və ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı”.
M.Quliyev bildirib ki, Heydər Əliyev yer üzünə xüsusi missiya ilə göndərilmiş, tanrının sevib seçdiyi böyük dövlət xadimi, xarizmatik şəxsiyyətdir: “Onun ən böyük missiyası canından əziz sevdiyi doğma xalqına müstəqil, güclü dövlət yaratmaq, bu xalqı xoşbəxt görmək missiyası idi. O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi və xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasinı ləyaqətlə yerinə yetirdi”.
Komitə sədri vurğulayıb ki, Heydər Əliyevin digər bir tarixi missiyası birləşdiricilik missiyası idi: “Heydər Əliyev bu gün hamımızın qürur duyduğumuz müstəqil, müasir Azərbaycan dövlətinin möhkəm özüllər üzərində bünövrəsini qoydu, onun siyasi-ideoloji inkişaf konsepsiyasını yaratdı. Bütün dünya azərbaycanlılarını müqəddəs üçrəngli bayrağımızın altında birləşdirən Azərbaycançılıq ideologiyasıni hazırladı. Ulu öndərin növbəti missiyası quruculuq missiyası idi. O həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. İctimai, siyasi, iqtisadi, sosial, mədəni humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin sözü, əməli, imzası olmasın. Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir. Xalqını öz ətrafında birləşdirərək doğru yolla irəli aparmaq Ulu Öndərin liderlik missiyası idi. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Heydər Əliyev həm də xoşbəxt siyasi liderdir ki, onun başladığı müqəddəs yolu oğlu və siyasi varisi Ali Baş Komandan İlham Əliyev Şuşa ucalığına qədər davam etdirdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ali Baş Komandan İlham Əliyev öz xalqı ilə birlikdə bu şərəfli missiyanı bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı. Qarabağın və Şərqi Zəngəzurun çiçəklənəcəyi, inkişaf edəcəyi, dünyanın turizm mərkəzlərindən birinə çevriləcəyi günlər lap yaxındadır. Qarşıda isə daha böyük milli hədəflər dayanır”.