Sürücülük vəsiqəsi tələb olunmasa da, moped sürmək istəyən vətəndaşların heç olmazsa 3-6 aylıq kurs keçilməsinə ehtiyac var ki, yol hərəkəti qaydalarını öyrənsinlər.
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Teleqraf.com-a açıqlamasında deyib.
Ekspert bildirib ki, mühərrik həcmi 50 kub santimetrdən çox olmayan nəqliyyat vasitələrinə dövlət nömrə nişanı alınmır, həmçinin onu idarə edən vətəndaşdan sürücülük vəsiqəsi tələb olunmur:
"Burada bir qayda var ki, vətəndaş mopedi avtomobil yolunda idarə edirsə, mütləq yolun sağ zolağında hərəkət etməli, başına dəbilqə qoymalı, mopedin ön-arxa fənərləri işlək və hər iki tərəfdən yan güzgüləri olmalıdır".
Eldəniz Cəfərovun sözlərinə görə, qəzaların əsas səbəblərdən biri sürücülərin yol hərəkəti qaydalarını bilərəkdən pozmalarıdır: "Ötən il Azərbaycanda baş verən qəzalarla bağlı araşdırma aparmışdıq. Əsas səbəblər yol hərəkəti iştirakçılarının bilərəkdən qaydaları pozması, yol infrastrukturunun bərbad, qaranlıq, çala-çuxur olması, köhnə, nasaz nəqliyyat vasitələri ilə əlaqəlidir.
Moped sürən gənc vətəndaşlarımızın əksəriyyəti yol hərəkəti qaydalarından və mopedi yolun hansı zolağında idarə etməli olduğundan xəbərdar deyillər. Bununla bağlı müvafiq qurumlar iş görməlidirlər. Yol infrastrukturunun qurulmasına, nizam-intizama, yolların nişanlanmasına, bütövlükdə yollardakı vəziyyətə Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nəzarət edir. Onlar düşünüb çıxış yolu axtarmalıdırlar ki, qəzaların sayı azaldılsın".