Azərbaycan əsilli məşhur türkoloq Əhməd Cəfəroğlu uzun illər İstanbul Universitetində çalışıb. Elmi fəaliyyəti ilə yanaşı Azərbaycanın istiqlal mübarizəsinə də qoşulan Əhməd bəy müxtəlif komitələrdə yer alıb, mühacir nəşrlərdə də dəyərli məqalələr dərc etdirib. Onun İstanbul Universitetinin nəzdində olan Türkologiya İnstitutuna rəhbərlik etməsi də professorun elmi fəaliyyətinin ən şanlı mərhələlərindəndir. O, bu vəzifədə 1966-cı ilin aprel ayından 1973-cü ilin iyuluna qədər çalışıb. Bu vəzifəyə başladıqdan iki ay sonra Türkiyənin “Hayat. Tarih Mecmuası” ondan müsahibə alıb.
Teleqraf.com azərbaycanlı mühacir professor, türkoloq, ictimai-siyasi xadim Əhməd Cəfəroğlunun həmin müsahibəsini təqdim edir:
***
Türkologiya İnstitutu
Modern tarixçiliyimiz və Türkiyədə gerçək türkologiya bu müəssisə ilə başlamışdır.
Müsahibə: Yılmaz Öztuna
İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin nəzdindəki Türkologiya İnstitutunun millətlərarası elm aləmində şöhrəti vardır. Modern tarixçiliyimiz və Türkiyədə gerçək türkologiya bu müəssisə ilə başlamışdır deyə bilərik. İnstitutu “Tarix məcmuəsi” oxucularına tanıtmaq üçün müdiri professor Əhməd Cəfəroğlu ilə görüşdük.
- İnstitutun yerləşdiyi bina, deyəsən Həsən paşa mədrəsəsidir.
- Bəli, XVIII əsrdə tikilib. Yerləşmişik, çox rahatdır.
- İnstitutu 1924-cü ildə Fuad Köprülünün qurduğunu bilirəm. Bu böyük kitabxana necə təşəkkül etdi?
- Çox zəngin olan kitabxanamızın əsasını türk əsilli bir rus bilgini olan Katanovun xüsusi kitabxanası təşkil edir. Bu professor 1922-ci ildə vəfat edib. Xanımı minlərlə kitabı nə edəcəyini bilmədiyi üçün başından rədd etmək istəyib. Bizim ozamankı imperatorluq Vəqflər Nazirliyi çox yerində bir təşəbbüslə 3000 altun ödəyərək 10000 cildlik möhtəşəm kitabxananı satın alıb. Həmin kitabxanada o tarixə qədər rusca olan bütün türkologiya nəşrləri, eləcə də bu mövzu ilə bağlı başqa dillərdəki əsas əsərlər də vardı. Bu kitabxana bir neçə il Vəqflər Nazirliyinin məxzənlərində qaldı. İnstitut qurulunca kitabxana buraya köçürüldü. Sonradan kitabxana daha da zənginləşdi. Xüsusilə, 1955-ci ildə Sadeddin Arelin kitabxanası buraya hədiyyə edilib.
- Bilirəm, Arel kitabxanasının Türkologiyaya verilməsini mən təmin etmişdim. Fəqət ailəsinə bir təşəkkür məktubu belə yazmadınız. Mərhumun rəsmini də kitabxananın olduğu köşədə görə bilmirəm.
- Əfəndim, mən iki ay əvvəl müdir seçildim. Əvvəlki dövrlə bağlı heç bir əlaqəm yoxdur. Məndən öncəkilər nələr etmiş, bilmirəm. Dərhal ailəsinə bir təşəkkür məktubu yazacağam və yandakı otaqlardan birində olan Arelin rəsmini kitabxanasına asdıracağam.
- Təşəkkür edirəm. Fuad Köprülü Qarsdan millət vəkili seçilib Ankaraya gedincə institutun müdiri kim oldu?
- Mərhum ordinarius professor Rəşid Rəhməti Arat, sonra ordinarius professor Cavid Baysun, sonra professor Fahir İz, iki ay öncə isə mən. Müdirlik müddətim 4 ildir.
- Türk dilinə aid çox dəyərli əsərlərinizi oxudum, araşdırdım. Özünüz haqqında bir az məlumat rica edə bilərmiyik?
- 1899-cu ildə Quzey Azərbaycanın Gəncə şəhərində doğulmuşam. Çox uzun müddətdən bəri İstanbul Universitetində Türk dili tarixindən dərs deyirəm. Bir ara Atatürk məni Qarsın millət vəkili etmişdi (Əhməd bəy millət vəkili olmayıb, görünür namizədliyi gündəmə gəlib – D.Ə) Türk Dil Qurumunda çox çalışdım və çalışıram.
- Dil Qurumundan bəhs etdiniz, yadıma düşdü. Bu müəssisə niyə hələ də məsləyi dilçilik olmayan alaylıların (bir məslək üçün gərəkli ali təhsili almayan, lakin bu sahədə özünü yetişdirən şəxslər - D.Ə) əlindədir? Tarix Qurumu kimi nə üçün akademik karyerası olan universitet müəllimləri tərəfindən idarə edilmir? Dilimizin halını bilirsiniz.
- Soruşmayın, soruşmayın, türkcənin bugünkü halı ürəyimizi ağrıdır. Türk Dil Qurumunun 900-dən çox üzvü olduğu üçün islah edilməsi mümkün deyildir. Çünki çoxluq universitet xocalarında və məsləkdə yetişmiş dilçilərdə deyil.
- 900 üzvümü var dediniz? Yanlışmı anladım, yoxsa?
- Doğru anladınız. O qədər üzvü vardır. Halbuki Tarix Qurumu elm adamlarının əlinə keçmişdir. Çünki üzv sayısı 40-dır. Onlar da ifrat edirlər, vəfat edən üzvlərdən sonra sayları 25-ə qədər qaldığı halda yeni üzvlər seçmək istəmirlər. Olduqca dəyərli tarixçilərimiz, məsələn ordinarius professor Zəki Vəlidi Toqan, professor İbrahim Kafesoğlu Tarix Qurumunun üzvləri deyillər.
- Nə isə, əfəndim, mövzumuz Türkologiya İnstitutu idi. İnstitutu təkbaşına idarə edirsiniz?
- Xeyr, universitet müəllimlərindən mütəşəkkil 5 nəfərlik idarə heyəti vardır. Təbii ki, bir çox məmurumuz var.
- Fuad Köprülünün zamanında Türkologiya İnstitutu olduqca dəyərli kitablar nəşr edərdi. Hətta sizin də iki əsəriniz çıxmışdır. İndi kitab nəşri bir tərəfə, beynəlmiləl şöhrəti olan “Türkiyə məcmuəsi” belə on ildə bir cild nəşr edir. Bunun səbəbi nədir?
- Xüsusilə təxsisatsızlıq, kağız və mətbəə qiymətlərinin astronomik şəkildə artması. İndi yeni 5 illik plan üçün ildə 400000 lirə təxsisat istədim. Verərlərsə, nəşrlərimizə davam edəcəyik.
- Türkologiya ildə nə qədər məzun buraxır?
- Hazırda 20-yə qədər məzun veririk. Əski məzunlarımız arasında nazir, professor olanlar, böyük şöhrət qazananlar vardır.
- Kitablarınızın hamısı kataloqlaşdırılıbmı?
- Hamısı. Arel kitabxanasının slavyan dillərindəki kolleksiyaları kataloqlaşdırılmamışdı. Mən gəldiyim gün onları şəxsən özüm kataloqlaşdırdım. Kitabxana məmurumuz olan Sevim Üngün tarix məzunudur. Fakültənin “Tarix dərgisi”nin son cildində bir məqaləsi dərc edilmişdir.
- Əfəndim, nəzakətinizə və verdiyiniz məlumata görə təşəkkür edirəm.
“Hayat. Tarih Mecmuası”, sayı 5, 1966