Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 18-də və 19-da Mingəçevir Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, həmin gün nazir 96 vətəndaşı dinləyib, 32-si Vətən müharibəsi iştirakçısı olmaqla 225 gənci polis orqanlarında xidmətə qəbul edib
Nazir əvvəlcə Mingəçevir şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 96 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 32-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.