AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Göygöl rayonu ərazisində uzun fasilədən sonra yenidən arxeoloji tədqiqatlara başlanılıb.
Teleqraf.com xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya 2 nömrəli Göygöl kurqanında qazıntı işləri aparıb.
Kurqan Göygöl rayonunun cənub-qərbində, Gəncəçayın sağ sahilində, Göygöl-Zurnabad asfalt yolunun solunda yerləşir. Kurqan 8 metrə yaxın hündürlüyü olan kiçik təbii təpənin üzərindədir.
Kurqanaltı sərdabə bir tayfaya məxsus olmaqla, uzunmüddətli dəfn üçün istifadə edilib.
Kurqan kamerasından İlk Tunc dövrünə aid saxsı məmulatı və pərakəndə halda insan sümükləri aşkarlanıb. Tayfa üzvlərindən ölən yeni insanların dəfn edilməsi ilə əlaqədar olaraq sərdabədə əvvəl dəfn edilən insanların sümükləri bir kənara toplanılıb.
B.Cəlilov bildirib ki, kurqanaltı sərdabədə dəfn bitdikdən sonra Azərbaycanın qərb bölgəsi üçün xarakterik olan Erkən Tunc dövrü kurqanaltı sərdabələrin əksəriyyətində olduğu kimi, burada da qəbir kamerasına son ritual olaraq od vurulub yandırılıb. Kurqanaltı sərdabədə yanğın çox güclü olub və insan sümükləri ilə yanaşı maddi mədəniyyət nümunələri müxtəlif səviyyəli yanmaya məruz qalıb. Hətta alovun təsirindən kameranın ətrafına düzülmüş daşların əriyərək şlaklaşdığı qeydə alınıb.
Kurqan İlk Tunc dövrünün erkən mərhələsinə aid olmaqla, Kür-Araz mədəniyyəti daşıyıcılarının lokal variantlarından birinə məxsusdur. İlkin müqayisəli təhlillərə əsasən 2 nömrəli Göygöl kurqanı e.ə. IV-minilliyin ortaları və ya ikinci yarısına aid edilmişdi. Bu isə onun Azərbaycanda aşkar edilmiş ən erkən kurqan tipli qəbir abidələrindən biri olduğunu söyləməyə imkan verir. Rayon ərazisində qeydə alınmış kurqanlarda arxeoloji qazıntıların davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqanlar qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib.