"Qənirə Paşayeva ilə tez-tez görüşürdük. Səhhəti yaxşı, əhvalı yerində idi. O acılarını çox hiss elətdirən xanım deyildi".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı millət vəkili Qənirə Paşayeva haqqında danışarkən deyib:
"Səhhəti ilə bağlı heç vaxt danışmamışıq. O mövzuda aramızda söz olmazdı. Bizim müzakirəmiz millət, vətən idi. Tez-tez telefonla danışır, tədbirlərdə bir yerdə olurduq. Türk dünyası, xüsusilə Xocalı ilə bağlı son 20 ildə demək olar ki, onunla birgə bütün türkdilli ölkələrdə olmuşduq. Çox enerjili insan idi. Bəlkə də sonunu hiss edirdi, nə hikmətdirsə, hər şeyi həll etməyə çalışırdı. Nələrinsə yarımçıq qalmasından qorxur, çox çalışırdı.
Qənirə xanım ən azından Qarabağın azadlığını, "Qarabağın Azərbaycan" olduğunu gördü. Uğrunda savaş verdiyi millətin torpağının erməni işğallından azad olduğunu gördü. Vətən müharibəsində də cəbhə bölgəsində idi. Bir davaya baş qoymuşdu, o davanın yolunda da fəda oldu. Böyük itkidir. Məkanı cənnət olsun".