Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.
1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə X.Yusifzadə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti təyin edilib. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib. Məşhur neftçi-alimin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, “Kəpəz”, “Bahar”, iri “Abşeron” kimi məşhur yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.
O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, iki dəfə Dövlət mükafatına layiq görülüb. Müstəqillik illərində isə əməyi “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək”, “Heydər Əliyev” ordenləri, eləcə də Heydər Əliyev Mükafatı ilə, həmçinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə qiymətləndirilib.
Məşhur alim və görkəmli istehsalat təşkilatçısı, həmçinin 200-dən çox tədqiqat işinin, o cümlədən 18 monoqrafiyanın və 8 ixtiranın müəllifidir.
Xatırladaq ki, 2020-ci il yanvarın 15-də dövlətimizin başçısının X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni gəmisinə, həmçinin Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademikin adı verilib. 2021-ci il sentyabrın 20-də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən və neft sənayesinin canlı əfsanəsinin adı verilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri suya salınıb.