9 Oktyabr 2023 18:26
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpağı Vətən edən onun mərd oğullarıdır. İgid övladlarımızın canı, qanı bahasına bütövləşən Vətən həm də bir dövlət kimi öz mövcudluğunu təsdiq edir. Bu yazımızda sizə Vətən uğurunda sağlamlığını itirmiş, hazırda müalicəsi davam edən hərbçimiz Dilqəm Heybət oğlu Həsənov haqqında danışacağıq.

Dilqəm Həsənov 19 oktyabr 1987-ci ildə Kürdəmir rayonunda anadan olub. 2005-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. 2009-cu ildə Orduda gizir kimi fəaliyyətə başlayıb. 44 gunlük Vətən müharibəsinin iştirakçısı olan Dilqəm Kəlbəcərin azadlığı uğurunda medalı ilə təltif olunub.

Baş gizir Dilqəm Həsənov bu il sentyabrın 20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri zamanı yaralanıb. O və hərbçi yoldaşları Laçının Sarıbaba kəndi istiqamətində öndə döyüşən dostlarına sursat apararkən qəfil düşmən hücumuna məruz qalıblar. Minaatandan atılan mərmi onun sağ tərəfində düşüb. Mərminin təsirindən havaya qalxaraq 6-7 metr kənara düşən Dilqəm gözünü açan kimi “Kəlmeyi şəhadət”ini dilə gətirib. Hərbçimiz 2 saatdan çox döyüş gedən ərazidə qalıb.

Döyüşçü yoldaşları onu çətinliklə olsa da, təxliyə edə biliblər. Aldığı xəsarətdən onun üzü və sağ əli yanıb. Ən ciddi zərbəni isə sağ ayağından alıb. Ayağı həm yanıb, həm də qəlpələrlə dolub. Buna görə də o ayağını yerə basa, yeriyə bilmir. Həkimlər Dilqəmin bədəninin yanmış hissələrini bərpa edəndən sonra ayağındakı qəlpələri çıxaracaqlarına söz veriblər. Baş gizir deyir ki, döyüşlər zamanı onun iki əsgəri şəhidlik zirvəsinə ucaldı, bir əsgəri isə yüngül yaralandı.

“2020-ci ilin sentyabr-oktyabr aylarında ağır zərbə alan düşmən geri çəkilərək əlverişlik yüksəkliklərdə özlərinə səngər qazmışdılar, postlar qurmuşdular. Öz torpaqlarımızda bizim sərbəst hərəkətimizə mane olurdular. Ətrafı minalamışdılar. Təbii ki, onların bu hərəkətləri bizə çox pis təsir edirdi. Bilirdik ki, Ali Baş Komandan terrorçuların məhv edilməsilə bağlı əmr verəcək. Biz bu günü səbrsizliklə gözləyirdik. Nəhayət o gün gəlib çıxdı. Sentyabrın 19-da biz antiterror tədbirlərinə başladıq. 24 saat ərzində Qarabağımızı terrorçulardan təmizlədik. Təəssüf ki, döyüş itkisiz olmur. Terrorçular uzun müddət idi ki, orada möhkəmlənmişdilər, bizə pusqu qurmuşdular. Gələcəyimizi gözləyirdilər. Bilirdilər ki, Azərbaycan Ordusu onların nazı ilə çox oynamayacaq. Şəhidlərimizin, yaralılarımızın olmasına baxmayaraq biz yenə də qalib gəldik”, deyə Dilqəm Həsənov bildirir.
Qəhrəmanımız ona olan münasibətdən razılığını bildirdi: “Bakıda hərbi hospitalda bizə çox yaxşı baxırlar. Söz veriblər ki, məni sağaldacaqlar, sərbəst yeriyə biləcəm. Hərçi dostlarım, doğulduğum Kürdəmir rayonunun sakinləri, o cümlədən, şəhid Cəmil Həşimlinin anası Simuzər xanım, Lətafət Məlikova mənə tez-tez zənglər edir, hal-əhvalımı soruşurlar. İnsanların diqqəti, əsasən də Xocalının, Xankəndinin azad edilməsi ağrılarımı mənə unutdurur”.


Müəllif: Ruslan

Oxşar xəbərlər