Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarına ötən il iş üçün müraciət edən 47755 nəfər vətəndaşdan 62 faizə yaxını, yəni 29440 nəfəri münasib işlərlə təmin edilib.
Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hesabat dövründə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı əvvəlki illə müqayisədə 7,6 faiz artaraq 1605 nəfər təşkil edib. DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,3 faiz artmaqla 4280 nəfər olub.
Ötən il peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən və ya peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan şəxslərin peşə hazırlığının təşkili də diqqətdə saxlanıb. İl ərzində 3786 nəfər belə vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113246 nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.
Naibə QURBANOVA