16 Yanvar 2015 14:58
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra komitə sədri Ramiz Həsənov çıxış edərək 20 yanvar 1990-cı ilin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd olunduğunu bildirib.

Ramiz Həsənovun sözlərinə görə, M.Qorbaçov başda olmaqla o zamankı SSRİ rəhbərliyinin Azərbaycan əleyhinə qərəzli, ermənipərəst mövqeyinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi: “Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, 20 Yanvar qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdb.

Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 yanvar – Ümumxalq Hüzn Günü elan edilib”.

Komitə sədri Prezident İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə əməli tədbirlər görüldüyünü, bununla bağlı ölkə rəhbəri tərəfindən onlarla fərman və sərəncamın verildiyini diqqətə çatdırıb.

Şəhid ailəsindən olan bir neçə komitə əməkdaşı çıxış edərək vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan danışıblar. Çıxışçılar ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlandığını, sosial problemlərinin həllində dövlət dəstəyinin olduğunu söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər