"Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək.
Bu barədə saytımıza YAP İdarə Heyətinin üzvü, akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Arterial Hipertenziya şöbəsinin rəhbəri Tofiq Cahangirov bildirib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan aksiya oktyabrın 28-29-da Quba şəhərində baş tutacaq:
"Bildiyiniz kimi, Azərbaycan ordusunun Qarabağda Şanlı Zəfərindən sonra Yeni Azərbaycan Partiyası ikinci ildir belə aksiyalar təşkil edir. İndiyə qədərə bu aksiyalar Saatlı, Sabirabad, Kürdəmir rayonları və Lənkəran şəhərində keçirilib. Aksiyalar zamanı yüzlərlə şəhid ailəsi üzvü və qazilər üçün kardioloji, nevroloji və endokrinoloji müayinələr keçirilir, onlara müalicələr təyin olunur. Həmçinin müasir rəngli doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinələri də aparılır. Bu dəfə isə qeyd etdiyim kimi, bu müayinələr Quba Rayon Mərkəzi Xəstəxanasında aparılacaq. Orada Quba ilə yanaşı, Dəvəçi, Qusar, Xaçmaz və digər bölgələrdən olan şəhid ailəsi üzvləri və qazilər bu aksiyadan yaralana biləcəklər".