18 Yanvar 2015 22:58
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib. Tədbirdə səfirliyimizin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Teleqraf.com-un məlumatına görə, Mərasim iştirakçıları əvvəl 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çap edilən kitabların sərgisinə, həmçinin fotostendə və AMM-in rəsm dərnəyində məşğul olan uşaqların əl işlərinə baxıblar.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən danışıb.

Bildirilib ki, Bakıda dinc sakinlər-qocalar, qadınlar və uşaqlar güllələndikdən sonra- yanvarın 20-də səhər tezdən Bakıda fövqəladə vəziyyət elan olunması ilə əlaqədar Mixail Qorbaçovun fərmanı oxunub. H.Quliyev bildirib ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərlərini ittiham edib və faciənin məsuliyyətini birbaşa Mixail Qorbaçovun üzərinə qoyub.

Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. Sonra “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər.


Müəllif:

Oxşar xəbərlər