“Dövlət büdcəsinin müzakirəsi dövlət müstəqilliyimizi bərpa etdiyimiz dövrdən ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu əlamətdar bir tarixə təsadüf edir. Buna görə Prezident başda olmaqla hökumət və bütün dövlət hakimiyyət orqanları, Silahlı Qüvvələrimiz ən xoş sözlərə layiqdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında, büdcə müzakirələri zamanı səsləndirib.
Bununla yanaşı, millət vəkili bildirib ki, büdcə zərfi və Hesablama Palatasının rəyi ilə tanış olanda təəssüf hissi müşahidə edirik ki, 10 milyon əhalisi olan ölkəmiz üçün 34 milyard 173 milyon manat gəlirləri olan büdcə olduqca kiçikdir: “Onun da 12 milyard 781 milyonu Dövlət Fondundan transfertdir. 2023-cü ildə Ümum Daxili Məhsul (ÜDM) real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq. Hasilatın pay bölgüsü sazişləri üzrə mənfəət vergisi hasilatın gündəlik 22 min barell azalması səbəbindən 2024-cü il üçün 1 milyard 975 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildəkindən 2 dəfə azdır. Dövlət Neft Fondundan transfertlər çıxılarsa dövlət büdcəsinin gəlirləri 2022-ci illə müqayisədə 6, 2023-cü illə müqayisədə isə 3, 4 faiz azdır. 2024-cü ilin büdcəsindəki 282,5 milyonluq artım Dövlət Neft Fondundan tranfertlər hesabınadır. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq və büdcə gəlirlərini əhəmiyyətli ölçüdə artıra bilmək üçün ciddi islahatlar həyata keçirməliyik. Biz hamımız hansısa sahələrə daha çox vəsait ayırlmasını təklif edirik. Amma çox təəssüf ki, büdcəmizin həcminin bizim qədər 10 milyon əhalisi olan, amma büdcə gəlirləri bizdən ən azı 3 dəfə artıq olan Avropa ölkələrinin büdcəsinə necə yaxınlaşdırılması barədə az təklif veririk. Halbuki qiymətləri qaldıranda Avropa ölkələrindəki vəziyyətə çox istinad olunur”. Millət vəkili deyib ki, bunun üçün elə Avropa ölkələrinin yolu ilə getməliyik: “Sürətli iqtisadi inkişafımızın qarşısında ən böyük maneə qanunların ailiyinin tam təmin olunmamasıdır. Buna ən bariz nümunə işğaldan azad olunmuş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manat vəsaitin xərclənməsidir. İnkişaf, sabitlik və rifah istəyiriksə, konstitusiyaya uyğun olaraq dövlət bizneslə məşğul olamamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. İnhisarçılığa və proteksionizmə son qoyulmalı, rəqabət mühiti formalaşdırılmalı, dövlət müəssiləri, xəstəxanalar, xidmət sahələləri özəlləşdirilməlidir. Korrupsiyaya qarşı effektiv mübarizə təşkil etmək üçün məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir”.
Millət vəkili diqqətə çatdırıb ki, qanunların aliliyi təmin edilməsə İqtisaiyyat Nazirliyinin səyləri ciddi nəticələr verməyəcək: “Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı-hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlir-çıxarını proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhvə vermək olmaz. Mülkiyyətə və hüquqlara təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan, müasir texnologiya cəlb etməklə sənayeni inkişaf etdirmədən ciddi uğurlara imza atmaq mümkün deyil. Biz, tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq. Xarici investorlar Azərbaycana gəlməkdən qorxmamalıdırlar”.
Qüdrət Həsənquliyev vurğulayıb ki, büdcəyə əlavə vəsait cəlb edəcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçən il səsləndirdiyi rəqəmlərə əsaslansaq, yalnız Bakı şəhərində minə qədər qəzalı bina var. Amma sahibsiz sahibkarlar yaşayış binaları tikmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar. Deputat olduğum Xətai rayonunda da qəzalı binalar da az deyil. Bu barədə sakinlərin xahişi ilə müvafiq dövlət orqanlarına müraciət etmişəm. Kimlərsə həmin yerləri götürüb, amma illərdir ki, tikintiyə başlamır. Görünür işəri çoxdur, yavaş-yavaş tikir, bu yolla qiymətlərin aşağı düşməsinə də imkan vermirlər. Nəzərə almırlar ki, insanların həyatı təhlükə altındadır. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud özlərinə övladlarına mənzil almaq istəyir. Eldar Əzizov mətbuata demişdi ki, “biz, yeni binaların tikintisinə ilkin olaraq kritik vəziyyədə olan qəzalı binalardan başlamalıyıq”. Amma real həyatda başqa mənzərənin şahidi oluruq. 28 ildir ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən qeyri hökumət təşkilatı-AVCİYA-nın prezidenti, keçmiş deputat həmkarımız Elxan Süleymanov - o şəxs ki, AŞPA-da aktiv fəaliyyətinə görə, Azərbaycana qarşı aparılan qarayaxma, şər-böhtan kampaniyasının qurbanlarından biri olub. Həmin dövrdə Milan məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olub, amma şər kampaniyası səngiyən kimi elə həmin məhkəmə tərəfindən də bəraət verilib. O, mənə və bir çox dövlət rəsmilərinə sənədlər təqdim etməklə şikayət edir ki, AVCİYA-nın Nəsimi rayonunda xüsusi mülkiyyətdə olan ofisi ətrafda yerləşən yaşayış və qeyri-yaşayış binaları ilə birlikdə bələdiyyə torpağında yerləşsə də həmin binaların yeləşdiyi 1,55 hektar ərazi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çoxmərtəbəli yeni binaların tikintisi üçün “İnvest M. Construction” şirkətinə ayrılıb. Söküntüyə məruz qalan həmin binaların heç biri qəzalı vəziyyətdə deyildi. Sadəcə şəhərin həmin ərazisində mənzillər müqayisədə daha baha qiymətə satılır. Bakı Şəhər İcra Hakimiyyətinin “İnvest M. Construction” şirkəti ilə müqaviləsində real vəziyyət tam təhrif olunaraq göstərilir ki, ərazidə ağac və yaşıllıq, tikinti və qurğular, tarixi və mədəniyyət abidələri yoxdur. Halbuki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sənəddə ərazidə 174 ağac olduğu qeyd olunur. Ərazidə yerləşən tarixi günbəz tikinti şirkəti tərəfindən sökülüb. Ərazidə 10-dan artıq bina və tikili var. Fövqəladə Hallar Nazirliyi Tikintiyə Dövlət Nəzarəti Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti işlərinə başlanması barədə razılığı olmadığı halda yeni bina üçün həftəsonu, gecə ikən AVCİYA-nın binasının 30-40 santimetrliyindən başlayaraq katlavan qazıntısına başlanılıb və AVCİYA-nın binasına gedən yol və kommunikasiya xətləri dağıdılıb. Kanalizasiya suları katlavana dolaraq ofisin binasını qəzalı vəziyyətə salır. Hazırda məhkəmə qərarı olsa da ofisə gedən yol bərpa olunmur.
Hörmətli hökumət üzvləri! Bu qanunsuzluqlara son qoyulmalı və gələcəkdə belə halların təkrarlanmaması üçün ciddi qərarlar qəbul olunmalıdır. Bu sahədə islahatlar aparılmalı, tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bütün sivil dünyada bu belədir. Tikinti üçün müraciətlərə cavablar onlayn qaydada, ictimaiyyət üçün açıq olmalıdır. Bələdiyyələrə həm də öz təşəbbüsü ilə tikinti üçün yerlərin sənədlərini paket halında hazırlayıb hərraclarda tikinti şirkətlərinə satmaq səlahiyyəti verilməlidir. Nəhayət Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Toxunmaq istədiyim başqa bir məsələ elm və təhsilə ayrılan vəsaitin azlığı ilə bağlıdır. Xüsusilə elmə 228 milyon 776 min manatın ayrılması olduqca azdır. Elm və təhsil sahəsində də ciddi islahatlara ehtiyac var. Orta məktəblərin buraxılış imthanalarının nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilməli, repetitorluğa son qoyulmalı, konstitusiyaya uyğun olaraq orta təhsilin pulsuz olması təmin edilməlidir. Elə vəziyyət yaradılıb ki, heç kim repetitora pul ödəmədən ali məktəblərə qəbul oluna bilmir. Bu isə ailələr üçün ağır maliyyə yüküdür. Universitetlərin, peşə məktəblərinin, kolleclərin əksəriyyəti özəlləşdirilməli, imkansız ailələrin uşaqları dövlət hesabına təhsil almalı, təhsil kreditləri faizsiz və hər kəs üçün əlçatan olmalıdır. Ali Attestasiya Komissiyası və Emlər Akademiyası əməkdaşlarının, orta məktəb müəllimlərinin əməkhaqqı əhəmiyyətli səviyyədə artırılmalıdır. Elm və təhsili inkişaf etdirmədən ölkəmiz inkişaf etmiş ölkələr sırasına çıxa bilməyəcək. Sonda hökuməti vətəndaş cəmiyyəti quruculuğuna xüsusi diqqət yerirməyə, mediaya, qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara dövlət dəstəyini artırmağa, ölkəmizi inkişafın yeni mərhələsinə çıxaracaq köklü islahatlar aparmağa çağırıram”.