30 Noyabr 2023 15:48
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar qızılcaya yoluxmalar özünü kütləvi həddə göstərir.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə mütəxəssisi Vasif Əliyev açıqlamalar verib.

Mütəxəssis qızılcanın hava-damcı yolu ilə yayılan virus infeksiyası olduğunu xatırladıb:

"Qızılcaya qarşı əvvəllər peyvənd olunmayan, eyni zamanda xəstəliyi keçirməyən insanlar bu virusla təmas olduğu zaman yoluxurlar. Əvvəllər peyvənd olunmamış orta yaşlı insanlar arasında da yoluxmalar olur. Uşaqlar arasında da yoluxanlar var.

Bilirik ki, rutin peyvənd protokolu bütün uşaqlarda aparılır. Onların içərisində qızılca da var. Peyvənd insanlarda qızılcaya qarşı qoruyuculuq yaradır. Hansı valideyn uşağını vaxtında peyvənd etdirməyibsə, həmin uşaqlar hazırda risk altındadır. Qızılcalı xəstə ilə təmasda olduğu zaman onlar asanlıqla yoluxa bilirlər".

Xəstəliyin müalicəsinə gəlincə, həkim vurğulayıb ki, qızılca virusunun spesifik dərmanı yoxdur, ona qarşı yalnız dəstək müalicəsi aparılır: "Xüsusilə böyük insanlar bu xəstəliyi daha ağır keçirirlər. Onlar xəstəxana şəraitində və həkim nəzarətində olmalıdırlar ki, xəstəlik ağırlaşmasın. Çünki qızılca zamanı xəstəliyin ikinci ağırlaşmaları da ola bilər. Zamanında müdaxilə olunmazsa, xəstəlik ağırlaşa bilər və biz xəstəni itirə bilərik".

Qızılca virusu mutasiya olunurmu?

Ekspert bildirib ki, onun mutasiya və ştamları ilə bağlı konkret məlumat yoxdur:

"Təbii ki, bütün viruslar mutasiya oluna bilir. Amma burada problem mutasiya olmaqla əlaqəli deyil. Virusla qarşılaşmamış insanlar bu xəstəliyi keçirirlər. Peyvənd olunan insanlar qızlcaya qarşı qoruyucu altındadırlar.

Hazırda böyüklərin də peyvənd olunması barədə qərar var. Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayıb. Peyvənd iki dozada aparılır. Bir doza vurulandan 28 gün sonra ikinci doza da vurulmalıdır".

Son zamanlar uşaqlar arasında qızılcadan iki ölüm faktı qeydə alınıb. Ölkəmizdə uşaqlar arasında peyvəndlənmə işinin erkən yaşlarda aparıldığını nəzərə alsaq, bu ölüm halının nədən baş verdiyi sualı yaranır.

Vasif Əliyev baş vermiş ölümlərlə bağlı bir şey deyə bilməyəcəyini deyib: "O uşaqlar çox güman ki, peyvənd olunmayıblar. Virusla qarşılaşdıqda xəstəliyi ağır keçiriblər. Onların müalicəsi nə formada aparılıb, hansı şəraitdə izlənib - bu haqda da məlumatım olmadığına görə konkret fikir söyləməkdə çətinlik çəkirəm. O ki qaldı profilaktikaya, bu, yalnız peyvənd olunmaqla aparıla bilər. Qızılcanın başqa profilaktikası gigiyena qaydalarına əməl etmək, ara məsafəni gözləməkdir. Amma ən önəmlisi peyvənd olunmaqdır".

Vasif Əliyev qeyd edib ki, qızılcanın bütün dövrlərdə öldürücü xüsusiyyəti olub: "İddia edə bilmərik ki, əvvəllər qızılcanı keçirən hər kəs sağalırmış, heç birində ağırlaşma olmurmuş, yalnız indiki öldürür. Yox, elə əvvəllər də bu virusun öldürücülüyü vardı, indi də var. Hər hansı dəyişiklik müşahidə edilmir. Sadəcə qızılca xəstəliyini yüngül və ağır keçirənlər ola bilər. Bakterial ağırlaşmalar da mümkündür.

Xəstəxanada həkim nəzarətilə aparılan müalicələrdən də çox şey asılıdır. Eyni zamanda bu cür xəstələrin, uşaqların və böyüklərin xəstəxanaya nə zaman müraciəti də əhəmiyyətlidir. Peyvənd iki dozada tövsiyə olunur. Əvvəl bir doza vurdurub ikincini vurdurmayıbsa, onunn qanında qızılcaya qarşı antitelin olub-olmamadığını yoxlamaq lazımdır. Varsa təkrar dozaya ehtiyac yoxdur.

Zamanında iki doza vaksin olunan insanlarda təkrar vaksinasiyaya ehtiyac görülmür. Yəni o, ömrü boyu öz antitelini saxlayır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər