Təkcə Azərbaycanda yox, bütün dünyada qızılcaya yoluxmada artım var. Son rəqəmlərə görə, bu artım 30 faizə qədərdir. Bu, təkcə vaksinlə izah olunmur.
Bunu Teleqraf.com-a açıqlamasında Professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, dünyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzləri hazırda bunu araşdırır:
"Yaxın vaxtlarda müvafiq hesabat açıqlanacaq. Qızılcaya yoluxmanın çoxalmasında peyvəndə mənfi münasibət də ciddi rol oynayır. Nəzərə alaq ki, bu gün vaksinasiyaya qarşı müqavimət Dünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qeyd olunub. Təəssüf ki, bizdə də valideynlər son illər uşaqlarını vaksinlərdən yayındırırlar. Milli peyvənd təqvimi ilə uşaq iki dəfə qızılcaya qarşı vaksin olunmalıdır. Bunlar olunmayıb. Əksəriyyətinin mübadilə kartında bu qeyd edilməyib. Belə uşaqlar müdafiəsiz qaldığına görə xəstələnir və ətrafdakıları da yoluxdururlar.
Hər birimiz nəzərə almalıyıq ki, vaksin vurdurmayan uşaq xəstələnmək üçün hazırdır. O, potensial xəstə sayılır. Həmçinin ətraf üçün də təhlükəlidir".
Professor hesab edir ki, vaksinasiya məsələsinə ciddi yanaşmaq lazımdır: "Ümumiyyətlə, qızılcanın artması ilə bağlı hazırda geniş elmi araşdırmalar gedir. Bu, narahatlıq doğuran bir məsələdir, COVID pandemiyasından sonra immun sistemdə gedən təlatümlərə də bağlı ola bilər. Vaksindən imtina edən valideynlər peyvəndi mümkün qədər tez vurdurmalıdır. Hətta uşaq xəstələnsə, üç gün müddətinə peyvənd vurdura bilər. Üç günü keçibsə, onda immunoqlobulin vurdurulur. Yəni mütləq immunizasiya eləmək lazımdır. Peyvənd olunan uşaq xəstələnsə belə, onu çox yüngül keçirir”.
Professor qeyd edib ki, qızılcaya yoluxan uşağa qırmızı rəngli paltar geydirilməsi tamamilə xurafatdır:
“Onun elmlə əlaqəsi yoxdur. Sadəcə valideynlər bir şeyi nəzərə almalıdırlar ki, güclü allergiyası, anafilaktik reaksiya meylli olan uşaqlar barədə mütləq həkimi xəbərdar eləməlidirlər”.