Dəyanət Rzayev: "Biz kişilər öz qadınlarımızın qədrini bilmirik"
Hindistanlı oğlanla ailə həyatı quran Afaq Qurbanova deyir ki, əcnəbiyə ərə getməsinin səbəbi sevgi olub: "Heç vaxt ürəyimdən "mütləq əcnəbiyə ərə getməliyəm" fikri keçməyib. Sadəcə, həyat yoldaşımı sevdiyimçün onunla ailə həyatı qurmağa razılaşdım. Əcnəbiyə ərə gedənlərin bəzisi buralardan getmək üçün bu yolu seçirlər. Məni isə sevdiyimin fərqli dünyagörüşü, qadına münasibəti, özünü aparma mədəniyyəti valeh etdi. O, beynəlxalq uşaq haqları üzrə fəaliyyət göstərən şirkətlərin birində işləyirdi. Mən də həmin şirkətdə çalışırdım. O, ingilis dilində hekayə yazır, yazdıqlarını da bizimlə paylaşırdı.
İngilis dilini bildiyimdən "facebook" sosial şəbəkəsində fikir mübadiləsi aparırdıq. 9 ay danışdıqdan sonra evlənmək qərarına gəldik. Amma ailəm bunun əleyhinə çıxdı. Çətinliklərdən sonra bizə özü elçi gəldi. Üç ildir evliyik, bu addımı atmaqdan qətiyyən peşman deyiləm. Hazırda Azərbaycanda yaşayırıq, amma gələcəkdə Hindistana köçmək planımız var".
Qeyd edək ki, azərbaycanlı qadınların əcnəbilərlə evlənməsinin sayı artmaqdadır. Rəsmi statistikaya görə, 2013-cü ildə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 800 nikah bağlanıb. Bu göstərici ötən illərə nisbətən artıqdır.
"Ərə getməzdən əvvəl səfirliklərə müraciət edin"
"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadınların əcnəbilərə ərə getməsinin səbəbi son zamanlar nikahdakı sabitlik və güvənin azalmasıdır: "Qız-qadınlarımızda belə təsəvvür yaranır ki, əcnəbilər nikaha daha məsuliyyyətli yanaşırlar. Daha bir faktor azərbaynlılarla qurulan ailələrdə qadağa və zorakılıqların olmasıdır. Qadın düşünür ki, əcnəbi ilə bağlanmış nikahla daha artıq azadlıq əldə edəcək".
Amma belə nikahlarda problemlər də az olmur. Ona görə də ekspert hesab edir ki, sonradan problemin ortaya çıxmaması üçün bəzi məqamlara fikir vermək lazımdır: "Çox vaxt əcnəbiyə ərə gedən qızlar evləndiyi adam barəsində məlumatsız olurlar. Həmin adamın kimliyinə, həyat tərzinə, planlarına bələd olmadan, əcnəbi olduğuna görə, yaxud pulu var deyə ərə gedirlər. Bəzən onların ailəli olub-olmadığını da dəqiqləşdirmirlər.
Konfranslarda, tədbirlərdə həmişə imkan düşdükcə bizə müraciət edən və etməyən şəxslərə mesaj ünvanlayırıq ki, əcnəbiylə ailə qurmazdan əvvəl onların ölkəsinin Azərbaycandakı səfirliyinə müraciət etsinlər, həmin şəxs haqqında ətraflı məlumat alsınlar. Amma təəssüf ki, bir çox hallarda qızlar və onların valideynləri bu məsələyə biganə yanaşırlar. Məlumatı dəqiqləşdirmədən evlilik kimi önəmli bir qərar verirlər".
"Boşanmış qadınlara münasibət bir qədər dəyişsə..."
Mehriban Zeynalova qeyd etdi ki, evlənəcəyi adam barədə araşdırma aparmayan qızların əksəriyyətinin nikahı boşanma ilə nəticələnir: "Ölkəmizdə əsasən bir dəfə evlənib ayrılmış qadınlar yenidən ailə həyatı qura bilmirlər. Başa düşürlər ki, Azərbaycan kişiləri evlənib ayrılmış qadınla ailə həyatına pis baxırlar. Ona görə də yenidən evlənmək üçün əcnəbi vətəndaşlara üstünlük verirlər.
Mənə elə gəlir ki, biz ilk növbədə bu adətləri və stereotipləri aradan qaldırmalıyıq. Əgər cəmiyyətimizdə boşanmış qadınlara münasibət bir qədər dəyişsə, əcnəbilərlə evlənənlərin sayı azalar. Nəticədə qız-qadınlarımızın həyatı təhlükə altında qalmaz".
Təhlükə var
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova azərbaycanlıların əcnəbilərlə ailə qurmasını müxtəlif səbəblərlə əlaqələndirir: "Yanaşmalar da fərqlidir. Tutalım, biri fikirləşir ki, əgər onun yaşadığı ölkədə problem varsa, Avropaya getsə, bütün problemləri arxada qoyacaq. Başqa bir stereotipdə olanlar isə düşünürlər ki, əgər o, avropalı ilə ailə qursa, deməli, azadlıq əldə edəcək. Xüsusən, gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Müsəlman ölkələrini seçənlər isə başqa prioritetdən çıxış edirlər".
Mətanət Əzizovanın sözlərinə görə, hər bir ölkədə problem və çətinliklər var: "Unutmaq olmaz ki, Avropanın özündə də problemlər az deyil. Bundan başqa, Azərbaycan xanımları üçün spesifik çətinliklər də yarana bilər. Avropanın elə ölkələri var, qanun daha çox kişiləri dəstəkləyir. Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Avropanın bəzi ölkələrində isə uşağı ataya verirlər. Yəni getdiyin ölkənin qanunlarını bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər".
Qadınların "ağ gün"ə çıxmaq arzusu
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, məsələ daha çox ictimai-sosial problemlərlə bağlıdır: "Qadınlarımız ümid edirlər ki, əcənəbilərlə ailə qursalar, "ağ gün"ə çıxacaqlar. Bununla yaxşı güzəran əldə etməyə çalışır, üstün bir toplumda yaşayacağına arxayın olurlar".
Dəyanət Rzayev problemin psixoloji tərəflərinə də diqqət yetirdi: "Maraqlıdır ki, qadınlardan fərqli, azərbaycanlı kişilər Avropa qadınları ilə evlənməyi sevmirlər. Bunun səbəbi kişilərin mentalitet fərqinə daha həssaslıq nümayiş etdirməlidir. Azərbaycanlı qadınlar üçünsə xaricilərin həyat tərzi, kişilərin qadına verdiyi dəyər daha cəlbedici görünür. Çünki Avropa kişilərinin centlemen davranışları bizim kişilərdən daha çoxdur. Fikrimcə, azərbaycanlı kişilərin qadınla davranışı daha qüsurludur. Qadına xəyanət etməyin məqbul sayılması da bir başqa problemdir".
Bu baxımdan, Dəyanət Rzayev hesab edir ki, qadınların, qızların əcnəbilərlə ailə qurmasında bizim kişilərin də müəyyən mənada günahı var: "Biz kişilər öz qadınlarımızın qədrini bilmirik. Əcnəbi hətta gedib bardan ən pis fahişəni götürüb arvad edir. Bizim kişilərsə analarına qulluqçu axtarırlar".
Din əcnəbiyə ərə getməyi qadağan edirmi?
"Məşədi Dadaş" məscidinin imam-cüməsi Hacı Şahin Həsənlinin sözlərinə görə, əcnəbi ilə evlənməyə dinin öz münasibəti var: "Əgər azərbaycanlının ailə quracağı şəxs başqa dindən olarsa, milliyyətindən asılı olmayaraq İslam buna icazə vermir. Əgər qadın müsəlmana ərə gedirsə, bu, haram deyil. Fransız, ingilis olan şəxs müsəlmanlığı qəbul edibsə, qadın da onunla evlənirsə, buna heç kəs maneə yarada bilməz".
İlhamə