Bu gün səhər saatlarından etibarən Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində təmir işlərinin icrasına start verilib. Təmir işləri 250 metrlik hissəni əhatə edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, təmir işlərinin 19 dekabr saat 22:00-dək aparılması nəzərdə tutulur.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması və zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması işləri icra olunur.
Təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində Zığ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmaqla, əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunub. Bunun üçün ərazidə ayrıcı zolaqda avtonəqliyyat vasitələrinin keçidi üçün hissə yaradılıb, əlavə yol nişanlarının quraşdırılması, yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.