“Bu gün Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Ölkəmizdə həyata keçirilən mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti və inkişafı üçün əlverişli şərait yaradılıb”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Azərbaycanda 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olundu ki, bu da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar verdi. “Bir vacib məqamı da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Lakin radikal müxalifət təmsilçiləri bütün bu yaradılan imkanlardan sivil siyasi rəqabət aparmaq üçün deyil, təxribat xarakterli bəyanatlar vermək, cəmiyyətdə çaşqınlıq və ixtilaf yaratmağa cəhd etmək üçün yararlanmağa çalışırlar.”
K.Qafarov vurğulayıb ki, radikalların tətbiq etməyə çalışdıqları “boykot” üsulunun strateji hədəfi, eyni zamanda, cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir: “Ölkədə aparılan uğurlu siyasi islahatlar bütün mütərəqqi siyasi qüvvələrin bərabər imkanlarla fəaliyyətinə və inkişafına zəmin yaratdığı kimi, destruktiv mövqelərdən çıxış edən radikalların da real potensialını üzə çıxarmış oldu. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal müxalifətin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Məlumdur ki, “boykot” siyasi mübarizə üsulu deyil, qərəzli informativ manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Həm də bu üsul bütün sivil dünyada məhz “kirli” texnologiyaların klassik növü hesab olunur və ondan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” hər hansı bir siyasi partiyanın prinsipial mövqeyini nümayiş etdirmək üçün deyil, bilavasitə təxribatlara yol açmaq məqsədilə tətbiq olunur”.
K.Qafarov bildirib ki, bir ölkədə siyasi sabitliyi pozmaq və həmin ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirirlər.” Bu məqsədlərin həyata keçirilməsinə cəlb oluna biləcək ən real qüvvə isə, həmin ölkənin daxilində olan radikallardır. Çünki məhz radikal təfəkkürün əsasında kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaflar yaratmaq istəkləri durur. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlər olublar. Buna görə də bu gün sağlam siyasi rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etmək əvəzinə, radikal müxalifətin məqsədi insanları qalmaqallı situasiyaları təhrik etməkdir, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün zəmin hazırlamaq yolunu seçməkdir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bu insinuasiyaların qiymətini yaxşı bilir. Buna görə də radikal müxalifətin seçkiləri “boykot” çağırışları da bütün digər qərəzli kampaniyaları kimi fiaskoya uğramağa məhkumdur”.